“Ermənistanın vətəndaş cəmiyyəti fəallarının Bakıya gəlməsi artıq özü mesajdır: tərəflər “bir-birimizin şəhərinə gələ bilmirik” psixologiyasından çıxır. Bu tip görüşlər gündəmi yumşaldır, emosional fonu zəiflədir və münaqişə narrativlərini insaniləşdirir. Əsas qazanclar qeyri-rəsmi kanalların genişlənməsi, yanlış təsəvvürlərin qırılması və ictimai diplomatiyanın reallaşmasıdır”.
Bu fikirləri politoloq Tural İsmayılov NOCOMMENT.az-a açıqlamasında səsləndirib:

“Bu dəyirmi masa sabah sərhədlərin açılmasına birbaşa səbəb olmasa da, gələcək qərarların psixoloji bazasını formalaşdırır. Belə platformalarda adətən “ortaq humanitar gündəm”, “regionda dayanıqlı sülhün təşviqi” və “təmasların institusionallaşdırılması” kimi yumşaq, lakin strateji baxımdan vacib sənədlər qəbul olunur. Konkret nəticə kimi sərhədyanı icmalar arasında dialoqun genişləndirilməsi, media manipulyasiyalarına qarşı birgə çağırış və ekspert mübadilələrinin davam etdirilməsi mümkündür”.
Politoloq qeyd edir ki, müzakirələrin əsas konseptual xəttini bir neçə məqam təşkil edir:
““Sülh müqaviləsinə dəstək”, “regionda yeni təhlükəsizlik memarlığının qurulması” və “kommunikasiyaların açılmasının faydaları”. Bu, həm Bakının, həm də regionun uzunmüddətli planlarına uyğun gəlir. Təmasların davamı Ermənistan cəmiyyətində Azərbaycanla sülh modelinin legitimləşməsinə töhfə verəcək”.
T.İsmayılov sonda əlavə edir ki, yekunda isə bir həqiqət dəyişmir:
“Sülhü dövlətlər imzalayır, amma cəmiyyətlər davam etdirir. Bu görüşlər də məhz həmin davamlılığı təmin edən sosial zəminin qurulmasına xidmət edir”.
Aynurə İsmayıl












