Ermənistan parlamentinin “Şərəfim var” və “Ermənistan” müxalifət bloklarının deputatları uzunmüddətli boykotdan sonra qanunverici orqanda fəaliyyətlərini bərpa ediblər.
NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, bu barədə “Ermənistan” blokundan deputat Aqvan Vardanyan danışıb.
“Biz buradayıq və siz bu faktla barışmalısınız. Bu, Ermənistanın, o cümlədən, bizi buraya seçən vətəndaşların Milli Məclisidir. Bura sizin mülkünüz deyil”, – deyə müxalifətçi deputat vurğulayıb.
Onun sözlərinə görə, müxalifət hakimiyyətin destruktiv siyasətinə qarşı küçə mübarizəsinə başladığı üçün uzun müddət qanunverici orqanın iclaslarını boykot edib. İndi küçə mübarizəsində fasilə yaranıb və müxalifət öz gündəmi ilə parlamentə gəlib.
Aqvan Vardanyan indiki şəraitdə ölkənin hakimiyyətinin dövlətçiliyə təhlükə yaratdığını qeyd edib.
“Mövcud hökumət dövründə Ermənistan və Artsaxın gələcəyi yoxdur, elə erməni xalqının da gələcəyi yoxdur. Biz dağıdıcı prosesin geridönməz olmasının qarşısını almaq üçün buradayıq”, – deyə Vardanyan bildirib.
Xatırladaq ki, 2022-ci ilin aprelindən Milli Məclisin müxalifətdəki “Şərəfim var” və “Ermənistan” fraksiyaları parlamentin iclaslarını boykot edib. Onlar uzun müddət Baş nazir Nikol Paşinyanın istefası tələbi ilə etiraz aksiyaları keçiriblər. Oktyabrın 25-dən isə bəzi müxalif deputatlar MM-in iclaslarına qayıtmağa başlayıblar.












