Etibar Əliyev Nazim Həsənzadəyə: Mənim meyitim də bu ölkədə qalacaq

Etibar Əliyev Nazim Həsənzadəyə: Mənim meyitim də bu ölkədə qalacaq

Eks deputat Etibar Əliyevin bu yaxınlarda vəfat edən Xalq şairi Nəriman Həsənzadə haqqında sosial şəbəkədə yazdığı fikirlər geniş müzakirələrə səbəb olub.

Müzakirələrin ardından o, ikinci paylaşım edərək tənqidlərinə görə geri çəkilmədiyini və fikirlərinin arxasında olduğunu bildirib.

NOCOMMENT.az xəbər verir ki, Etibar Əliyev ilk paylaşımında Nəriman Həsənzadənin 95 yaşında vəfat etdiyini xatırladaraq ona rəhmət diləyib, daha sonra isə şairin yaradıcılığı ilə bağlı şəxsi baxışını bölüşüb.

O bildirib ki, yəhudilər şairləri peyğəmbərlərin davamçısı hesab etsələr də, Azərbaycanda bu zümrəyə münasibət fərqlidir. E. Əliyevin sözlərinə görə, dünya ədəbiyyatında bir çox böyük şairlər ən güclü əsərlərini gənc yaşlarında yazıb və erkən vəfat etmələri ilə yadda qalıblar.


Azərbaycan ədəbiyyatından isə Mikayıl Müşfiqin 30, Cəfər Cabbarlının 35, Abbas Səhhətin 44, Məhəmməd Hadinin 44, Səməd Vurğunun 50 və Əli Kərimin 38 yaşında dünyasını dəyişdiyini qeyd edib.

Keçmiş deputat daha sonra Nəriman Həsənzadənin yaradıcılığı ilə bağlı şəxsi mövqeyini açıqlayaraq yazıb:

“Hərənin öz şair seçimi var. 58 yaşında vəfat etmiş Nüsrət Kəsəmənli isə N. Həsənzadədən birmənalı olaraq böyük şairdir”.

Etibar Əliyev əlavə edib ki, Abbas Səhhətin “Vətən”, Səməd Vurğunun “Oxu, gözəl”, Əli Kərimin isə “İki sevgi” şeirlərini Nəriman Həsənzadənin bütün poeziyasına dəyişməz.

O, paylaşımının sonunda Xalq şairi Ramiz Rövşənə uzun ömür arzulayıb.

Bu fikirlər sosial şəbəkələrdə birmənalı qarşılanmayıb və çoxsaylı müzakirələrə səbəb olub.

Müzakirələrdən sonra Etibar Əliyev ikinci paylaşım edərək Nəriman Həsənzadənin oğlu Nazim Həsənzadənin onu Azərbaycandan qovmağa çağırdığını iddia edib.

“Rəhmətlik Nəriman Həsənzadənin oğlu Nazim Həsənzadə mənim Azərbaycandan qovulmağımı tələb edir. Bu hərəkət XXI əsrin neofaşizmidir”, – deyə o bildirib.

Keçmiş deputat qeyd edib ki, Prezident İlham Əliyev müxtəlif çıxışlarında ölkədə fikir plüralizmi və tənqidin vacibliyini dəfələrlə vurğulayıb. Onun sözlərinə görə, yaradıcı şəxslər barədə sərbəst fikir bildirdiyinə görə təhdidlərlə üzləşməsi həmin çağırışlara ziddir.

Etibar Əliyev Nazim Həsənzadəyə müraciətlə bunları yazıb:

“Tam arxayın ol. Mənim meyitim də bu ölkədə qalacaq və mən məmləkəti sizdən az sevmirəm. Mənim bu ölkəni sevməyənlərə qarşı amansız mübarizəmin 1 faizini etməmisən…”

Qeyd edək ki, Xalq şairi Nəriman Həsənzadə avqustun 3-də 95 yaşında vəfat edib. Onun vəfatı ölkə ictimaiyyətində geniş əks-səda doğurub, dövlət və ictimai xadimlər, elm və mədəniyyət nümayəndələri şairlə bağlı başsağlığı paylaşıblar.