"İnsanları geri dönüş bileti ala biləcəklərinə əmin edib bilet satır, pullarını dövriyyəyə buraxır, daha sonra isə geri dönüşün yalnız təyyarə ilə və ya turagentliklər vasitəsilə mümkün olduğunu bildirərək faiz tutmaqla pulları geri qaytarırlar."
NOCOMMENT.az xəbər verir ki, bu sözləri tanınmış jurnalist Elnurə Abuşova bildirib.
O, Tbilisi-Bakı istiqamətində bilet almaq üçün vağzala getdiyini və orada baş verən özbaşınalıqların şahidi olduğunu qeyd edib: "Aldanıb bilet alanların qarşısında iki yol qoyulur: ya monopolist AZAL-la 310 manata geri dönmək, ya da faiz tutulmaqla bileti qaytarmaq. Mən pulu çox əziyyətlə qazanıram, imkan vermərəm ki, "Azərbaycan Dəmir Yolları" (ADY) mənim pulumu dövriyyəyə buraxıb faiz qazansın, sonra isə müəyyən tutulmalar edərək geri qaytarsın."
Jurnalist bildirib ki, yerli mediada yazılanlar qurumlar tərəfindən nəzərə alınmır, lakin rusdilli platformalar və xarici auditoriyaya hesablanmış materiallar dərhal reaksiya doğurur: "Azərbaycandilli media və sosial şəbəkələr nə qədər yazsa da, nəticə yoxdur. Amma rusdilli mediada gedən materiallar dərhal nəticə verir, rəhbərlik dərhal iclas çağırır. Rusdilli mediadan çəkinirlər, çünki həm xaricdə oxunur, həm də rəhbərlik tərəfindən izlənilir. Mən də başımıza gələnləri yazaraq, rus və ingilis dillərinə tərcümə etdirərək paylaşacağam ki, hər kəs bu biabırçılığı, insanların vaxtının və pulunun necə əlindən alındığını görsün."
E.Abuşova əlavə edib ki, AZAL və ADY "AZCON Holding"ə daxildir və bu qurumlar sərnişinlərin maraqlarına zidd mexanizmlərdən istifadə edirlər. O, həmçinin qurum daxilindəki kadr siyasətinə də toxunaraq bildirib: "Bu arada xatırladım ki, ADY-də sərnişindaşımaya Aybəniz İsmayılovanın yaxın qohumu rəhbərlik edir. Həmin şəxsin dəmir yolu sahəsinə yaxından-uzaqdan heç bir əlaqəsi yoxdur, peşəkar olaraq sığortaçıdır."
Adıçəkilən tərəflərin mövqeyini dərc etməyə hazırıq.












