Sabiq deputat, Milli Şuranın üzvü Gültəkin Hacıbəyli Türkiyədən Azərbaycana deportasiya edilib.
NOCOMMENT.az xəbər verir ki, bununla bağlı məlumatı Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Fuad Qəhrəmanlı sosial mediada yazıb.
Məlumata görə, G.Hacıbəyli Azərbaycana gətirildikdən sonra həbs olunmayıb.
Məsələ ilə bağlı hələ ki rəsmi açıqlama yoxdur.
Xatırladaq ki, Gültəkin Hacıbəyli 2025-ci il noyabr ayının 29-da Türkiyədə saxlanılaraq əvvəlcə Arnavutköy Geri Göndərmə Mərkəzinə aparılmış, daha sonra Çatalca Geri Göndərmə Mərkəzinə göndərilmişdi. İstanbul İdarə Məhkəməsi onun barəsində 5 il müddətinə Türkiyədən deportasiya olunması ilə bağlı qərar çıxarmışdı.
Gültəkin Hacıbəylinin adı “Ramiz Mehdiyev işi”ndə hallanır. İddialara görə, o, AXCP sədri Əli Kərimli ilə birgə Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin dövlət çevrilişinə cəhd planında yer alıb.
Gültəkin Hacıbəylinin “Ramiz Mehdiyev işi” ilə bağlı istintaqa cəlb olunub-olunmayacağı, barəsində hər hansı qətimkan tədbirinin çıxarılıb-çıxarılmayacağı yaxın günlərdə məlum olacaq.












