Gürcüstanın TIR “ağrısı” – Azərbaycana qarşı iqtisadi SAVAŞ başlayır?

Gürcüstanın TIR “ağrısı” – Azərbaycana qarşı iqtisadi SAVAŞ başlayır?

Siyasi ekspert: “Bu, təsadüfi deyil, Tiflis Bakıya mesaj verir”

Gürcüstanda 20 gündən artıq saxlanılan Azərbaycan yük maşınları ilə bağlı yaranmış qalmaqal nəhayət ki, öz həllini tapıb. Bununla belə, baş verənlər iki ölkə arasındakı münasibətlərdə ciddi suallar yaradıb.

Xatırladaq ki, Azərbaycan sürücüləri – xüsusilə tütün məhsulu daşıyan TIR-lar Batumi və Tbilisi gömrük-keçid məntəqələrində əsassız şəkildə saxlanılırdı. Sürücülərdən biri, Aslan Kərimov bildirmişdi ki, yalnız Azərbaycan maşınlarının qarşısı alınır, gürcü TIR-ları isə sərbəst şəkildə buraxılır.

Onun sözlərinə görə, gömrük əməkdaşları nə konkret səbəb açıqlayır, nə də sürücülərin suallarına cavab verirdilər:

“Bizə maliyyə polisinin nəzarətinə götürüldüyümüzü dedilər. Halbuki yük tranzit idi və Avropaya gedirdi. Heç bir məhkəmə qərarı yoxdur. Sadəcə bizi saxlayıb gözlədirlər. Üstəlik, sürücülərlə kobud danışırlar”.

Dünən artıq məlum olub ki, saxlanılan TIR-ların problemi həll edilib və maşınlar yola salınıb.

Ancaq suallar açıq qalır: Niyə yalnız Azərbaycan maşınları? Bu proses kimə və nə üçün lazım idi?

NOCOMMENT.az-a danışan siyasi ekspert  Elxan Şahinoğlu bildirib ki, Gürcüstanın bu addımı texniki bir anlaşılmazlıq yox, daha geniş geosiyasi prosesin nəticəsi ola bilər.

Elxan Şahinoğlu

Onun sözlərinə görə, son aylarda Tbilisinin Azərbaycana qarşı sərt və anlaşılmaz addımları artıb:

“Gürcüstan son dövrlər qərarlarında qeyri-sabitlik nümayiş etdirir. Ya Bakıya mesaj vermək istəyirlər, ya da hansısa xarici dairələrin təzyiqi altında belə davranırlar. Azərbaycan maşınlarının 20 gün saxlanması təsadüfi deyil. Gürcüstan yaxşı bilir ki, regional ticarətin böyük hissəsi bizim üzərimizdən keçir. Bu hadisə həm iqtisadi, həm də siyasi rıçaq kimi istifadə olunub”.

Ekspert bildirir ki, Gürcüstanın tranzit və gömrük siyasətində son vaxtlar qeyri-şəffaf addımlar atılır və bu proses bəzən açıq şəkildə Azərbaycana yönəlir:

“Bu, artıq ikinci və ya üçüncü belə hadisədir. Gürcüstanın müəyyən dövlət strukturlarında Azərbaycana qarşı qəribə soyuqluq formalaşır. Bunun bir hissəsi Paşinyan hakimiyyətinə yaxın dairələrlə yeni münasibətlər, digər hissəsi isə Qərbin Tbilisiyə təzyiqləri ilə bağlıdır.”

Şahinoğlu bildirib ki, Gürcüstanın belə riskli davranışları regionda sabitliyə zərər vurur:

“Azərbaycan Gürcüstan üçün əsas iqtisadi tərəfdaşlardan biridir. Əgər Tbilisi bu cür addımları davam etdirərsə, münasibətlərdə gərginlik yarana bilər. Bu, Gürcüstanın özünə ziyan vuracaq.”