Amerikalı geopolitika üzrə ekspert Nikolas Gvozdev Azərbaycanın balanslaşdırılmış və praqmatik xarici siyasət yürütməklə regionda nadir mövqe formalaşdırdığını, xüsusilə də ölkə ərazisində hər hansı xarici dövlətin hərbi bazasının yerləşməməsinin Azərbaycanın İran ətrafında yaranmış gərginlik və mümkün münaqişələrdən kənarda qalmasına imkan verdiyini bildirir.
Bu kontekstdə sual yaranır: mövcud geosiyasi reallıqlar, böyük güclər arasında rəqabətin artması və Cənubi Qafqazın strateji əhəmiyyətinin yüksəlməsi fonunda gələcəkdə Azərbaycanda hər hansı xarici dövlətin – məsələn, Türkiyə, Rusiya, ABŞ və ya digər güclərin hərbi bazasının yerləşdirilməsi ehtimalı nə dərəcədə realdır?
Əgər belə bir ssenari baş verərsə, bu, Azərbaycanın təhlükəsizlik strategiyasına, regional balanslara və xüsusilə qonşu ölkələrlə münasibətlərə necə təsir göstərə bilər? Xarici hərbi bazanın yerləşdirilməsi ölkənin təhlükəsizliyini gücləndirə, yoxsa əksinə, Azərbaycanı böyük güclər arasında qarşıdurmanın potensial meydanına çevirə bilər? Bu məsələdə Azərbaycanın indiyədək qoruduğu hərbi-siyasi balansı saxlamaq nə dərəcədə mümkündür?
Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan siyasi ekspert Samir Əsədlinin sözlərinə görə, Yaxın Şərqdə artan gərginlik və böyük güclərin regionda fəallaşması son aylarda beynəlxalq gündəmin əsas mövzularından birinə çevrilib:
“Xüsusilə İsrail və ABŞ-ın İrana yönəlik hərbi əməliyyatları regionun təhlükəsizlik arxitekturası haqqında yeni müzakirələr doğurur. Bu hadisələr təkcə regional güclər arasında münasibətləri deyil, həm də region ölkələrinin təhlükəsizlik strategiyalarını və geosiyasi seçimlərini yenidən qiymətləndirməsinə səbəb olur. Yaxın Şərqdə və onun ətrafında yerləşən dövlətlər üçün artıq ən mühüm suallardan biri budur: dəyişən beynəlxalq sistemdə hansı təhlükəsizlik modeli daha dayanıqlı və effektiv hesab oluna bilər?”

Əsədli qeyd edib ki, bu mürəkkəb geosiyasi mühitdə bəzi dövlətlər böyük güclərin rəqabət meydanına çevrilir:
Onların ərazilərində xarici hərbi bazalar yerləşdirilir, müxtəlif kəşfiyyat şəbəkələri fəaliyyət göstərir və ölkələr faktiki olaraq qlobal güclərin strateji qarşıdurmasının bir hissəsinə çevrilir. Digər dövlətlər isə fərqli yol seçir. Onlar öz təhlükəsizliklərini hərbi bloklara qoşulmaqla deyil, balanslı diplomatiya, neytral mövqe və müstəqil təhlükəsizlik modeli ilə təmin etməyə çalışırlar. Məhz bu kontekstdə Azərbaycanın mövqeyi xüsusilə diqqət çəkir.
Həm ötən ilin iyun ayında baş verən 12 günlük müharibə zamanı, həm də hazırkı hərbi gərginlik dövründə Azərbaycan ərazisində heç bir ölkənin hərbi bazası olmayıb. Bu fakt rəsmi Bakının illərdir bəyan etdiyi siyasətin yalnız diplomatik bəyanat səviyyəsində qalmadığını, real siyasətdə də ardıcıl şəkildə həyata keçirildiyini göstərir. Azərbaycan öz ərazisini böyük güclərin hərbi rəqabət meydanına çevirməmək prinsipinə sadiq qalır və bu prinsip ölkənin milli təhlükəsizlik strategiyasının əsas elementlərindən biridir. Azərbaycan heç bir hərbi bloka qoşulmur və heç bir münaqişənin tərəfi deyil. Ölkə beynəlxalq münasibətlərdə daha çox əməkdaşlıq, dialoq və qarşılıqlı fayda prinsipinə əsaslanan platformalara üstünlük verir. Qoşulmama Hərəkatı kimi beynəlxalq platformalarda fəal iştirak bunun bariz nümunəsidir. Azərbaycan bu platformalarda təkcə iştirakçı deyil, həm də təşəbbüskar rol oynayaraq inkişaf etməkdə olan ölkələr arasında əməkdaşlığın güclənməsinə töhfə verir. Bununla yanaşı, rəsmi Bakı humanitar və iqtisadi əməkdaşlıq layihələrinə önəm verir, hərbi ittifaqlardan isə uzaq dayanır. Bu yanaşma Azərbaycanın beynəlxalq münasibətlərdə neytrallığını və manevr imkanlarını qorumağa xidmət edir”.
Siyasi ekspert qeyd edib ki, bu gün Azərbaycan ərazisi təhlükəsizlik və sabitlik zolağına çevrilib:
“Şimalda və cənubda ciddi hərbi qarşıdurmaların getməsinə baxmayaraq, ölkə bu proseslərdən kənarda qalmağı bacarır. Bu isə təsadüfi deyil. Azərbaycan illərdir yürüdülən balanslı və praqmatik xarici siyasət sayəsində regionda sabitlik nümunəsinə çevrilə bilib. Bu balansın əsasını isə milli maraqlara söykənən müstəqil qərarvermə mexanizmi təşkil edir. Dövlət öz təhlükəsizlik prioritetlərini xarici güclərin diktəsi ilə deyil, öz strateji hesablamaları ilə müəyyənləşdirir. Azərbaycan “orta güc” statusunda olan nadir dövlətlərdəndir ki, həm Rusiya, həm Qərb, həm də İslam dünyası ilə balanslı və qarşılıqlı faydalı münasibətlər qura bilir. Bu cür balansın qorunması isə son dərəcə həssas və incə diplomatik yanaşma tələb edir. Çünki müasir beynəlxalq sistemdə böyük güclər arasında rəqabət getdikcə daha da sərtləşir və dövlətlərdən konkret mövqe seçmək tələb olunur. Azərbaycan isə bu təzyiqlərə baxmayaraq balans siyasətini qorumağı bacarır. Əslində bu siyasətin arxasında çox sadə, lakin strateji məntiq dayanır: Azərbaycan özünü böyük güclərin qarşıdurmasının alətinə çevirmədən, onların hər biri ilə əməkdaşlıq imkanlarını qorumağa çalışır. Bu isə ölkəyə həm siyasi manevr imkanları qazandırır, həm də iqtisadi əməkdaşlıq perspektivlərini genişləndirir. Bu balansın qorunması üçün hərbi bitərəflik əvəzedilməz amildir. Azərbaycan heç bir hərbi blokun forpostu deyil və heç bir güc mərkəzinə öz ərazisindən digərinə qarşı platsdarm kimi istifadə etməyə imkan vermir. Bu prinsip Azərbaycanın müstəqillik fəlsəfəsinin mühüm tərkib hissəsidir. Tarix göstərir ki, hər hansı bir ölkənin ərazisində xarici dövlətin qoşunlarının yerləşməsi çox vaxt siyasi asılılıqla nəticələnib. Böyük imperiyalar işğal etdikləri və ya təsir dairəsinə daxil etdikləri ərazilərdə öz hərbi kontingentlərini yerləşdirərək həmin regionlarda siyasi və iqtisadi nəzarəti gücləndiriblər. Müxtəlif dövrlərdə bu praktika imperiya siyasətinin ayrılmaz elementi olub”.
Samir Əsədli bildirib ki, son illər baş verən hadisələr isə göstərir ki, artıq hərbi bazalar yalnız müdafiə funksiyası daşımır:
“Bir çox hallarda bu bazalar hücum strategiyalarının həyata keçirilməsi üçün istifadə olunur. Müasir müharibələrin xarakteri dəyişdikcə hərbi infrastrukturun rolu da transformasiyaya uğrayır.
Bununla yanaşı, müasir texnologiyalar ənənəvi hərbi bazaların rolunu müəyyən qədər azaldır. Peyk müşahidə sistemləri, pilotsuz uçuş aparatları, kiber təhlükəsizlik platformaları və uzaq məsafədən idarə olunan silah sistemləri artıq klassik hərbi qarnizonların funksiyalarının böyük hissəsini əvəz edə bilir. Bu isə dövlətlərin təhlükəsizlik strategiyalarında yeni yanaşmaların formalaşmasına səbəb olur. İnformasiya texnologiyalarının sürətlə inkişaf etdiyi müasir dövrdə kosmosdan müşahidə imkanları, qlobal kommunikasiya sistemləri və mürəkkəb maliyyə əməliyyatları mexanizmləri bir çox ənənəvi hərbi infrastrukturları funksional baxımdan əvəz edir. Bu reallıq fonunda bəzi dövlətlərin hələ də xarici hərbi bazalara əsaslanan təhlükəsizlik modellərinə üstünlük verməsi mübahisəli görünür. Bizimlə qonşu olan bəzi ölkələrin balans siyasətindən imtina edərək konkret geosiyasi istiqamət seçməsi isə onlara baha başa gəlib. Ukrayna və Gürcüstan bu baxımdan tez-tez misal göstərilən ölkələrdəndir. Onların yaşadığı geosiyasi təzyiqlər və hərbi qarşıdurmalar göstərir ki, böyük güclər arasında yerləşən ölkələr üçün balanslı siyasət bəzən həyati əhəmiyyət daşıyır. Bu nümunələr göstərir ki, kiçik və orta dövlətlər üçün ən rasional strategiya geosiyasi realizmə əsaslanan çoxvektorlu siyasətdir. Çünki beynəlxalq sistemdə güc balansı daim dəyişir və yalnız bir istiqamətə bağlanmaq dövlətlərin strateji manevr imkanlarını məhdudlaşdırır. Azərbaycan nəhəng ölkə deyil ki, birvektorlu siyasət aparsın. Coğrafi mövqeyi, regiondakı güc balansı və beynəlxalq sistemin mürəkkəbliyi nəzərə alınarsa, balanslı və praqmatik diplomatiya Azərbaycan üçün ən real və effektiv seçim olaraq qalır”.
Ekspert qeyd edib ki, məhz buna görə də Azərbaycanın indiyədək yürüdülən xarici siyasət kursu təsadüfi deyil, uzunmüddətli strateji düşüncənin nəticəsidir:
“Bu siyasət ölkəyə həm regional sabitlikdə mühüm rol oynamaq, həm də müxtəlif güc mərkəzləri ilə əməkdaşlıq imkanlarını qorumaq imkanı verib
Hesab edirəm ki, mövcud geosiyasi reallıqlar fonunda Azərbaycan ənənəvi xarici siyasət kursuna sadiqliyini qoruyub saxlamalıdır. Çünki balanslı diplomatiya, hərbi bitərəflik və çoxvektorlu əməkdaşlıq modeli ölkənin təhlükəsizliyini təmin edən ən mühüm amillərdən biridir. Məhz bu yanaşma Azərbaycanın regionda sabitlik adası kimi qalmasına və mürəkkəb beynəlxalq proseslər fonunda öz milli maraqlarını qorumasına imkan verir”.
Tunar
NOCOMMENT.az












