Yaxın Şərqdə hərbi-siyasi gərginlik yeni müstəviyə qədəm qoyub. İsrailin Livanda “Hizbullah” qruplaşmasına qarşı həyata keçirdiyi genişmiqyaslı əməliyyatlar regionun təhlükəsizlik arxitekturasını kökündən dəyişməkdədir. Xüsusilə İranın proksi qüvvələri vasitəsilə həyata keçirdiyi strateji planların iflasa uğraması və logistik marşrutların nəzarətə götürülməsi qruplaşmanın gələcək taleyini sual altına qoyur.
Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan politoloq Məhəmməd Əsədullazadə bildirib ki, İsrailin hərbi əməliyyatları artıq öz müsbət nəticələrini verməyə başlayıb: “İranın birbaşa zərbə alması və rejimin daxildən zəifləməsi Hizbullaha ötürülən lojistika və maliyyə yardımlarının kəsilməsinə gətirib çıxaracaq. Ən mühüm məqam odur ki, artıq Suriya üzərindən Hizbullahla quru əlaqəsi mövcud deyil. Bu, qruplaşmanın təchizat zəncirinin qırılması deməkdir. İsrailin Litani çayının şimalına qədər bufer zona yaratması Hizbullaha vurulan ən ağır zərbələrdən biridir və yaxın aylarda bu problemin tamamilə həll ediləcəyi gözlənilir”.

Onun sözlərinə görə, Livanın daxili siyasi iradəsi də qruplaşmanın təsir dairəsinin daralmasında maraqlıdır: “Livan hökuməti Hizbullahın hərbi qanadının ləğvində maraqlıdır, çünki bu, dövlətin suverenliyinin bərpası üçün vacibdir. Hizbullah ciddi şəkildə zəifləsə də, Livanda öz siyasi mövqeyini müəyyən qədər qoruyub saxlayacaq, lakin hərbi güc olaraq əvvəlki təsirini itirir. Hazırda qruplaşma arsenalında qalan son raketləri və silahları istifadə edir, lakin yeni tədarük yollarının bağlanması onları çıxılmaz vəziyyətə salıb”.
Politoloq qeyd edib ki, bu proses həm də İranın regional nüfuzunun sarsılması ilə nəticələnir: “İranın SEPAH-ın ‘Qüds’ korpusunun Yaxın Şərqdəki çoxillik fəaliyyəti artıq sona çatır. Hizbullahla quru əlaqələrinin tam dayanması Tehranın ‘müqavimət oxu’ adlandırdığı sistemin çökməsi deməkdir. Bufer zonanın yaradılması və İsrailin hava üstünlüyü Hizbullahın hərbi manevr imkanlarını minimuma endirib. Regionda yeni bir geosiyasi reallıq formalaşır və bu reallıqda silahlı qruplaşmaların dövlət daxilində dövlət yaratmaq cəhdlərinə son qoyulur”.
Sara












