İranın media resursları və Tehrana bağlı müəyyən dairələr tərəfindən regionda münasibətlərin normallaşması meyllərinə baxmayaraq, Azərbaycana qarşı növbəti dəfə informasiya təxribatına rəvac verilməsi iki ölkə arasındakı etimad mühitinə kölgə salmaq məqsədi daşıyır. Keçmiş prezident İbrahim Rəisinin ölümünün ildönümü ərəfəsində İranın “NAYA” Telegram kanalında yayımlanan animasiya çarxı bu çirkin kampaniyanın bariz nümunəsidir. Həmin animasiyada helikopter qəzasının Rəisinin Azərbaycan sərhədində baş tutan rəsmi görüşündən dərhal sonra baş verməsinə xüsusi eyham vurulması və paralel olaraq hadisədə İsrail izinin qabardılması rəsmi Bakını hədəf göstərmək cəhdindən başqa bir şey deyil. Halbuki İbrahim Rəisinin helikopterinin tamamilə İran ərazisində qəzaya uğradığı və rəsmi Tehranın apardığı araşdırmalar nəticəsində hadisənin hər hansı bir sui-qəsd deyil, texniki və hava şəraiti ilə bağlı bədbəxt hadisə olduğu dəfələrlə bəyan edilib. Bəzi iranlı siyasətçilərin zaman-zaman ABŞ və İsraili ittiham edən bəyanatlarına rəğmən, bu hadisə üzərindən regional gərginliyi artırmaq və Azərbaycanı tamamilə əsassız yerə hədəf taxtasına çıxarmaq cəhdləri müəyyən ideoloji qrupların hələ də revanşist və təxribatçı təfəkkürdən əl çəkmədiyini nümayiş etdirir.
Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan siyasi şərhçi Azər Hüseynov qeyd edib ki, bu cür animasiyaların və media təxribatlarının dövriyyəyə buraxılması İran daxilindəki mühafizəkar və radikal qrupların Azərbaycana qarşı bəslədiyi xofun və qərəzin növbəti təzahürüdür: "İbrahim Rəisinin ölümü ilə bağlı hadisənin daxili təhqiqat nəticələri bəlli olmasına baxmayaraq, belə bir həssas mövzunu vizual manipulyasiya vasitəsilə yenidən gündəmə gətirmək daxili auditoriyada süni düşmən obrazı yaratmaq məqsədi güdür. Animasiyada hadisənin məhz Azərbaycan sərhədindəki Xudafərin görüşündən sonraya təsadüf etdiyinin qabardılması cəmiyyətdə Bakı və Təl-Əvivin birgə gizli sui-qəsd təşkil etdiyi barədə yalançı rəy formalaşdırmağa xidmət edir. Bu, həm də regional sülh və əməkdaşlıq formatlarına, xüsusilə son dövrlər Bakı ilə Tehran arasında iqtisadi-nəqliyyat sahəsində əldə olunan müsbət dinamikaya zərbə vurmaq istəyən daxili şəbəkələrin işidir".
Onun sözlərinə görə, rəsmi Tehranın daxilindəki radikal media resurslarının bu addımları həm də daxili manipulyasiya xarakteri daşıyır və beynəlxalq müstəvidə heç bir ciddi çəkiyə malik deyil: "İranın rəsmi dövlət orqanları səviyyəsində qəzanın sui-qəsd olmadığı təsdiqləndiyi halda, yarı-rəsmi və ya müəyyən qruplara bağlı teleqram kanallarında bu cür ittihamların yer alması ölkə daxilindəki idarəetmə və ideoloji dağınıqlığın göstəricisidir. Onlar öz uğursuzluqlarını, texniki nasazlıqları və ya təhlükəsizlik boşluqlarını ört-basdır etmək üçün həmişə xarici faktor axtarışında olublar və bu gün də Azərbaycanı hədəf seçirlər. Lakin Bakının tamamilə şəffaf və mehriban qonşuluq prinsiplərinə söykənən siyasəti fonunda bu uşaqca animasiyalar Azərbaycanın beynəlxalq nüfuzuna xələl gətirə bilməz. Bu cür təxribatçı addımlar sadəcə olaraq regionda sabitliyin bərqərar olmasına mane olmaq istəyən dairələrin acizliyini və qeyri-ciddi yanaşmasını ortaya qoyur".
Tunar,












