İran və İsrail arasında əldə olunmuş iki həftəlik kövrək atəşkəs razılaşmasına baxmayaraq, Livan cəbhəsində hərbi gərginliyin miqyası misilsiz həddə çatıb.
Tehran rəsmi şəkildə İsrailin Livan əməliyyatını dayandırmalı olduğunu israr etsə də, Tel-Əviv bu hərbi fəaliyyətin mövcud razılaşmaya daxil olmadığını və “Hizbullah”a qarşı mübarizənin ayrılıqda davam etdiriləcəyini bəyan edir. Baş nazir Benyamin Netanyahunun ABŞ-dan gələ biləcək mümkün “dayan” əmrinə qədər strateji hədəfləri məhv etmək cəhdi bölgədə mülki itkilərin kəskin artmasına səbəb olub.
NOCOMMENT.az xəbər verir ki, məsələni şərh edən politoloq Elxan Şahinoğlu İsrailin Livan əməliyyatının artıq hərbi sərhədləri xeyli aşdığını bildirib: “Livanda mülki insanlar arasında ölənlərin sayı artıb və bu, münaqişənin miqyasını daha da təhlükəli hala gətirir. Son bir gündə 250-dən çox insanın həlak olması və yüzlərlə yaralının qeydə alınması vəziyyətin nəzarətdən çıxdığını göstərir”.
Onun sözlərinə görə, İranın Hürmüz boğazındakı addımları məhz İsrailin bu qətiyyətli hücumlarına birbaşa cavab xarakteri daşıyır: “İsrail Livanda hərbi əməliyyatı davam etdirdiyinə görə də İran Hürmüz boğazından tankerlərin keçidini yenidən əngəlləyib, hətta ərazinin minalanması barədə xəbərdarlıqlar yayılıb. Bu isə beynəlxalq ticarətə və enerji təhlükəsizliyinə ciddi zərbədir. Atəşkəs məhz elə bu səbəblərə görə kövrəkdir və hər an genişmiqyaslı müharibənin bərpası ilə nəticələnə bilər”.
Sara,
NOCOMMENT.az











