İran iğtişaşları ilə bağlı şok açıqlama: “Ölkə müharibə vəziyyətindədir” – VİDEO

İran iğtişaşları ilə bağlı şok açıqlama: “Ölkə müharibə vəziyyətindədir” – VİDEO

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani ölkədə baş verən iğtişaşlarla bağlı geniş açıqlama verib.

NOCOMMENT.az xəbər verir ki, o bildirib ki, İranda baş verən qarışıqlıqların arxasında İsrail dayanır və ölkə faktiki olaraq müharibə şəraitindədir – nə sülh var, nə də atəşkəs. Bu cür şəraitdə yeni böhran yaratmağın məntiqsiz olduğunu deyən Laricani vurğulayıb ki, mövcud hadisələr daxildən deyil, kənardan yönləndirilir.

Onun sözlərinə görə, hərbi əməliyyatların başladığı 12 günlük müharibə dövründə də qarşı tərəf insanları küçələrə çıxarmağa cəhd göstərsə də, buna nail ola bilməyib.

ABŞ Prezidenti Donald Trampın sosial böhran yaranacağı halda hərbi əməliyyat aparacaqları ilə bağlı açıqlamasını xatırladan Laricani qeyd edib ki, bu dəfə düşmənin əsas taktikası xalqın birliyini sarsıtmaq olub. O bildirib ki, qarşı tərəf İranın milli kimliyinin simvollarını – bayrağı, məscidləri və Qurani-Kərimi hədəf alıb.

Laricani iğtişaşların guya yalnız iqtisadi səbəblərlə izah olunmasına da şübhə ilə yanaşıb və sual edib: əgər problem sırf iqtisadi xarakter daşıyırsa, niyə mağazalar talan edilir və yandırılır? Onun sözlərinə görə, təhlükəsizlik böhranı iqtisadi problemləri həll etmir, əksinə, onları daha da dərinləşdirir.

Açıqlamada bildirilib ki, iğtişaşları törədənlər şəhər tipli kvazi-terrorçu qruplardır və bir neçə ay əvvəl də sionist dairələr İranda yaratdıqları strukturlardan yeni ssenaridə istifadə edəcəklərini açıq şəkildə bəyan etmişdilər.

Rəsmi məlumata əsasən, iğtişaşların əsas təşkilatçıları müəyyən edilib, onların bir qismi artıq saxlanılıb. Bəzi hallarda G3 avtomatları və “Colt” tapançaları kimi silahlardan istifadə olunması əvvəlcədən planlaşdırılmış hazırlığın mövcudluğundan xəbər verir.

Laricani bildirib ki, hərbi və polis obyektlərinə sürətlə yaxınlaşaraq silah ələ keçirməyə cəhd edilməsi vətəndaş müharibəsi yaratmaq niyyətinin açıq əlamətidir.

O vurğulayıb ki, hazırda İran Silahlı Qüvvələri tam hazırlıq vəziyyətindədir, lakin küçə qarşıdurmalarının qarşısını almaq üçün cəmiyyətə vəziyyət düzgün izah edilməlidir, çünki qarşı-qarşıya duran hər iki tərəf İranın övladlarıdır. Onun sözlərinə görə, düşmən cəmiyyəti qütbləşdirməyə çalışır, lakin İran xalqı dəfələrlə sübut edib ki, ölkənin taleyi təhlükə altına düşəndə sona qədər dayanmağı bacarır.

Laricani etiraf edib ki, ölkədə iqtisadi problemlər mövcuddur və onların həlli vacibdir, lakin bu yol xaosdan və təhlükəsizliksiz mühitdən keçmir. O, milli birliyin bu mərhələdən keçmək üçün əsas şərt olduğunu bildirib. Əlavə edib ki, hüquq-mühafizə orqanları və məhkəmə sistemi dövlət obyektlərinə, asayiş strukturlarına və insanların həyatına silahlı hücumlar edən qruplara qarşı heç bir güzəştə getmədən sərt tədbirlər görəcək.