Ermənistanın Rusiya istehsalı olan "Su-30SM" qırıcı təyyarələrinə İran istehsalı olan "Yasin" sinifli ağıllı bombalar inteqrasiya etməsinə dair yayılan məlumatlar, Cənubi Qafqazda formalaşan yeni hərbi-siyasi konyunkturadan və tərəfdaşlıq formatlarının dəyişməsindən xəbər verir. İrəvanda keçirilən hərbi paradda dəqiq idarə olunan İran bombaları ilə təchiz edilmiş qırıcıların nümayişi, Ermənistanın hərbi arsenalını şaxələndirmək və Moskvadan olan silah asılılığını azaltmaq üçün Tehrana daha çox sığındığını təsdiqləyir. Paradda Rusiya ilə yanaşı Hindistan, Fransa, İran və Çin istehsalı olan texnikaların birgə keçidi İrəvanın çoxvektorlu silahlanma siyasətini ortalığa qoysa da, İranın strateji hərbi texnologiyalarının erməni ordusunun istifadəsinə verilməsi rəsmi Bakının diqqət mərkəzində olan fundamental məsələlərdən biridir.
Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan professor, siyasi şərhçi Qabil Hüseynli qeyd edib ki, İran istehsalı olan "Yasin" ağıllı bombalarının Ermənistanın "Su-30SM" qırıcılarına inteqrasiya edilməsi faktı Tehranın regionda balanslaşdırıcı rol oynamaq cəhdlərinin və İrəvana gizli hərbi dəstəyinin növbəti bariz sübutudur: "Bu vəziyyət Azərbaycan tərəfindən çox ciddi şəkildə təhlil edilməli və hərbi planlamalarda mütləq nəzərə alınmalıdır. İran hər nə qədər regional sülhdən və Azərbaycanla mehriban qonşuluq münasibətlərindən danışsa da, pərdəarxasında Ermənistanı müasir raket və bomba texnologiyaları ilə təchiz etməkdən çəkinmir. 'Su-30SM' qırıcılarının bu bombalarla havaya qalxması göstərir ki, Tehran rəsmi Bakının və Türkiyənin regiondakı artan nüfuzunu qəbul edə bilmir və Ermənistanı hərbi cəhətdən gücləndirərək özü üçün bir təhlükəsizlik buferi yaratmağa çalışır. Bu cür addımlar regionda etimad mühitinə birbaşa zərbə vurur".
Onun sözlərinə görə, İran bombalarının erməni ordusunda peyda olması Bakı üçün birbaşa hərbi təhdid yaratsa da, Azərbaycan Silahlı Qüvvələrinin mövcud hava hücumundan müdafiə sistemləri və kəşfiyyat imkanları bu növ riskləri tamamilə zərərsizləşdirməyə qadirdir: "Bu gün Azərbaycan ordusu regionun ən müasir hava hücumundan müdafiə və radioelektron mübarizə sistemlərinə malikdir. Ermənistanın arsenalındakı bir neçə qırıcının İran bombaları daşıması döyüş meydanında hərbi balansı İrəvanın xeyrinə dəyişə bilməz. Lakin burada əsas məsələ siyasi bəyanatların arxasında gizlənən ikiüzlü siyasətdir. Azərbaycan diplomatiyası rəsmi Tehranın bu militarist və revanşizmə rəvac verən addımlarına qarşı beynəlxalq müstəvidə və ikitərəfli danışıqlarda öz qəti etirazını bildirməlidir. Biz öz sərhədlərimizin təhlükəsizliyini qorumaq üçün hər bir regional aktoru öz real addımları ilə dəyərləndirməyə davam edəcəyik".
Tunar,











