İranda iğtişaşlar və rejimin çürümüş legitimliyi: Xamenei ilə xarici güclər arasında gərgin oyun

İranda iğtişaşlar və rejimin çürümüş legitimliyi: Xamenei ilə xarici güclər arasında gərgin oyun

İranın ali lideri Ayətullah Seyid Əli Xamenei ölkədəki iğtişaşları düşmənlərin planı kimi pisləyərək, ABŞ-ın zorakılığı qızışdırmağa çalışdığını iddia edib. Ali lider bildirib ki, bir qrup vandal “ABŞ prezidentini məmnun etmək” üçün paytaxtda və digər şəhərlərdə binaları dağıdıb. Ayətullah Xameneinin sözlərinə görə, öz ölkəsini idarə etməkdə və ya ABŞ-da müxtəlif hadisələrlə məşğul olmaqda aciz olan prezident Donald Tramp onları İran administrasiyası müəyyən tədbirlər görərsə, üsyançıların tərəfini tutmaqla hədələyib. Lakin bir çox siyasi analitiklər və şərhçilər Xameneinin çıxışını absurd adlandıraraq, onu xalqı qırmaqda və qətliam törətməkdə günahlandırırlar. Bəs hadisələr İranı və mövcud rejimi hara aparır?

Məsələni NOCOMMENT.az-a şərh edən politoloq Şahin Cəfərli bildirib ki, minlərlə adamı güllələyib öldürən idarəçiliyin hər hansı qanuniliyi ola bilməz:

“İnsanlığa qarşı cinayət mahiyyəti daşıyan kütləvi qətllərə görə şübhəsiz ki, rejimin rəhbəri birbaşa məsuliyyət daşıyır. Lakin prezident Məsud Pezeşkianın da ən azı siyasi və mənəvi məsuliyyəti var. Rejim zatən çürümüş və legitimliyini itirmişdi. Bu faciədən sonra, üstəlik iqtisadi iflas və digər ağır sosial, ekoloji problemlər şəraitində, ciddi xarici dəstək almadan duruş gətirməsi çox çətindir. Eyni zamanda, dəyişikliyin gerçəkləşməsi üçün da xarici faktorun təsirinə ehtiyac olduğu ortadadır. Yəni, bir tərəfdən rejimi ayaqda saxlamaqda maraqlı olan, digər tərəfdən isə onu demontaj etmək istəyən xarici güclər arasında da dolayı mübarizə gedəcək”, – deyə ekspert yekunlaşdırıb.