Donald Trampın İran rejiminə verdiyi ultimatum və ardınca gələn iki həftəlik atəşkəs qərarı beynəlxalq analitiklərin diqqət mərkəzindədir. Xüsusilə, ABŞ liderinin hərbi təhdidləri və regionun gələcəyi ilə bağlı verdiyi bəyanatlar siyasi dairələrdə müxtəlif müzakirələrə yol açıb. Tərəflər aprelin 10-da gözlənilən danışıqlara hazırlaşarkən, ekspertlər bu atəşkəsin real sülh, yoxsa sadəcə zaman qazanmaq taktikası olduğunu araşdırırlar.
NOCOMMENT.az xəbər verir ki, məsələni şərh edən politoloq Şahin Cəfərli İsrailin Livan əməliyyatının artıq hərbi sərhədləri xeyli aşdığını və Trampın ritorikasının gözlənilən effekti vermədiyini bildirib: “Trampın ultimatumu İrandan çox onun özünü daha çox qorxutdu. Rejim tərəfindən rədd edildikdən sonra Tramp bu ultimatumu reallaşdırmağa risk etmədi. Mədəniyyətin məhvi barədə sözləri ümumiyyətlə, bərbad idi”.
Onun sözlərinə görə, bu müvəqqəti fasilə Tehran üçün həm daxili, həm də xarici siyasət baxımından kritik əhəmiyyət kəsb edir: “İki həftəlik atəşkəs İran tərəfinə ilk növbədə Əli Xamenei üçün rəsmi dəfn mərasimi təşkil etməyə imkan verəcək. Rejim mümkün qədər çox əhali və xarici qonaq toplayaraq mərasimi legitimlik mənbəyinə çevirməyə çalışacaq”.
Şahin Cəfərli aprelin 10-dan başlayacaq danışıqların taleyi barədə danışarkən vurğulayıb ki, tərəflər arasında qarşılıqlı kompromis qaçılmazdır: “Aydındır ki, bu şəraitdə razılıq olacaqsa, tərəflərdən birinin diktəsi ilə deyil, qarşılıqlı kompromislər əsasında olacaq. ‘İranın şərtləri’ adı altında yayılan 10 bənddən ibarət mətn absurddur və daha çox təbliğata yönəlib. Razılıq olmayacaqsa, müharibənin yenidən başlaması deyil, atəşkəsin uzadılması ehtimalı daha yüksəkdir”.
Sara,
NOCOMMENT.az











