Rusiya müxalifətinin mühacirətdə yaşayan nümayəndəsi, şahmat üzrə keçmiş dünya çempionu Harri Kasparovun NATO haqqında sərt danışması sosial şəbəkələrdə böyük rezonans doğurub.
NOCOMMENT.az xəbər verir ki, bu hadisə Halifaks Təhlükəsizlik Forumunda baş verib.
Gəlin baxaq, Kasparov NATO-ya və ABŞ Prezidenti Donald Trampa necə meydan oxuyub? O, deyib:
“Bu, ən yaxşı şoudur, Putin heç bu barədə xəyal edə bilməzdi. Söhbət nə qədər silah və sursatınızın olmasından getmir. Bu, sizin döyüşməyə və ölməyə hazır olub-olmamağınız haqqındadır.
Ooo, əla, Latviyada Kanada briqadanız var. Bu briqadanın hansı əmrləri var? Əgər rusiyalılar sərhədi keçsələr, atəş açacaqlarmı? Biz cavabı bilirik. Siz məsləhətləşməyə başlayacaqsınız və bu, sonsuza qədər davam edəcək.
Mən başa düşə bilmirəm ki, Trampın biznes ortağının quraşdırdığı sövdələşməni necə ciddi müzakirə etmək olar!? Bu, Tramp ailəsini zənginləşdirmək və Ukraynanı satmaq üçün nəzərdə tutulmuş rieltor sövdələşməsidir!
Ukraynanın Avropanı xilas edən fortifikasiya istehkamlarını verməli olduğu fikrini necə ciddi müzakirə etmək olar!?
Siz NATO-nun yubileyini bayram edirsiniz… NATO zəifdir, NATO mövcud deyil, o saxtadır, sadəcə dörd hərfdir: “n”, “a”, “t” və “o”.
Hələ də burada oturmağınızın və bayram etnməyinizin səbəbindən Ukrayna hər dəqiqədə ölür. Bu, nəhəng fədakarlıqdır! Əgər, Ukrayna dayana bilməsəydi, rus tankları artıq Polşada olardı!
Sizin hamınız hesab edirdiniz ki, Ukrayna təslim olacaq. Siz Zelenskiyə taksi təklif etdiniz. O, isə dedi: Mənə taksi lazım deyil, mənə silah-sursat lazımdır. Dörd ildir ki, Ukrayna bütün Avropa naminə döyüşür!
NATO bir müharibə üçün yaradılıb – Əfqanıstan üçün deyil, Suriya üçün deyil – bir müharibə: azad Avropanı Rusiyanın təcavüzündən qorumaq üçün. Ukrayna yeganə ölkədir ki, döyüşür, biz isə hələ də müzakirə edirik: onları NATO-ya qəbul edək, ya etməyək!
NATO-nun məqsədini təcəssüm etdirən yeganə ölkə Ukraynadır! Və biz onlara hər şeyi borcluyuq. Xeyr, gəlin onları qurban verək!
Zelenski elə seçim qarşısında dayanır ki, mən… hətta bunu necə izah edəcəyimi belə bilmirəm. Bir rusiyalı olaraq mən də özümü günahkar hiss edirəm, ona görə də mən Trampa orta barmağı göstərməyi ona məsləhət görə bilmərəm.
Burada neçə senatorumuz var? Siz Donald Trampa bunu etməməli olduğunu deməyə hazırlaşırsınızmı?! Sizin 85 səsiniz var, 85 üçdə-iki çoxluqdan çoxdur (açıq səs çoxluğu, – red.), çünki bu qanun layihəsi hələ də Senatın masasının altında haradasa durur və onu hələ də qəbul etməyiblər!
Putin, Si Cinpin və qalanları bunu bayram edirlər! Rusiyada isə şimali koreyalılar, kubalılar və afrikalı “könüllülər” var. Və biz hələ də eskalasiyadan danışırıq!?
Bizim tərəfimizdə hər şey – hərbi, siyasi və iqtisadi güc var, biz isə hələ də müharibəni uduzuruq.
Ukrayna sayəsində Moskva hələ də Putinin Rusiya imperiyasını bərpa etmək arzusunu həyata keçirməyib. Amma əgər, Tanrı göstərməsin, Ukraynanı bu sövdələşməni qəbul etməyə məcbur edərlərsə, o zaman tamamilə aydındır ki, Putin arzusunu reallaşdıracaq.
Siz isə uşaqlar, növbətisiniz. Lakin siz döyüşməyə cəsarət etməyəcəksiniz”.
Əlbəttə, onun bütün beynəlxalq hüquq normalarına zidd olaraq Ukrayna torpaqlarının Rusiya tərəfindən işğal edilməsinə və NATO-nun, eləcə Donald Trampın yolverilməz davranışına etiraz etməsi, əlbəttə, təqdirəlayiqdir.
Lakin və amma… İndi Halifaksdan əsəbi şəkildə əsib-gurlayan, avazı yaxşı gələn Harri Kasparov təkcə rusiyalı kimi Ukrayna torpaqlarının işğalına görə günahkar deyil, həm də yəhudi-erməni kökənli azərbaycanlı olaraq Azərbaycan torpaqlarının işğalına görə günahkardır. Sözün qısası, Kasparov eyni problemə “ikili standart”la yanaşır.
Məhz Harri Kasparov kimilər vaxtilə Qarabağdakı erməni separatçılarının Azərbaycan torpaqlarının işğal olunmasına haqq qazandırırdı. Hətta Azərbaycanı öz əzəli torpaqlarından vaz keçməyə, Dağlıq Qarabağı Ermənistana peşkəş etməyi təklif (!) edirdi.
Və bu addımı məhz çörəyini, kürüsünü yediyi, suyunu içdiyi Azərbaycan dövlətinin sayəsində şahmat üzrə karyerasını quran və dünyada tanıdılan Harri Kasparovun atması çox üzücü idi. 30 illik işğal dövründə isə bütün müsahibələrində Azərbaycanı pisləməklə Kasparov iyrənc davranış nümayiş etdirirdi.
Məgər Kasparov bilmirdi ki, erməni separatizmini və faşizmini müdafiə etməklə təkcə Azərbaycanın deyil, həm də Ukrayna, Gürcüstan, Moldova kimi dövlətlərin ərazi bütövlüyünü, suverenliyini təhlükə altına atır?! İndi onun əsib-gurlamağının hər gün Ukraynada həlak olan dinc sakinlərə və igid hərbçilərə nə xeyri var? Məhz Kasparov kimilərinin vaxtilə Qarabağda əkdiyi toxumun “zəhəri” indi Rusiyadan Ukraynaya raket və bombalar şəklində “axıdılır”.
Halbuki söhbət beynəlxalq hüquq normalarının, ölkələrin sərhədlərinin toxunulmazlığından gedirdi. Məgər erməni separatçılarının qəsbkar Putindən fərqi vardımı? Əlbəttə ki, yox. Onsuz da müasir dünya tarixinə həm Ermənistan, həm də Rusiya işğalçı, terrorçu dövlət kimi düşüb.
Biz isə xoşbəxtik ki, Azərbaycan təkbaşına öz əzəli torpaqlarını erməni faşistlərinin tapdağından azad edərək, öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməklə adını müasir dünya tarixinə Qalib ölkə kimi yazdırıb. Bu qalibiyyətin zövqünü yaşamağı indi çox əzablı günlər görən qəhrəman Ukrayna xalqına da arzulayırıq. Çünki, haqq onların tərəfindədir. Bütün şər qüvvələrə baxmayaraq, ədalət zəfər çalmalıdır.
Ən əsası isə siyasətçi bütövlüyünün necə olduğunu Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan öz davranışları ilə bütün dünyaya göstərib. Hər iki dövlət başçısı beynəlxalq hüquq normalarına həm sözdə, həm də əməldə riayət etdiklərini dəfələrlə, o cümlədən də Ukrayna məsələsində də nümayiş etdirirlər. Hər ikisi yüksək tribunalardan Ukraynanın ərazi bütövlüyünü dəstəklədiklərini dəfələrlə bəyan ediblər. Bundan başqa, Rusiyanın başlatdığı müharibənin ilk günündən Türkiyə hərbi, diplomatik və humanitar dəstəyini, Azərbaycan isə humanitar dəstəyini Ukraynadan əsirgəməyib. Özü də Rusiyanın təzyiqlərinə rəğmən!
Prezident İlham Əliyevin Şuşa Media Forumunda ukraynalı jurnalist Dmitri Qordonun sualına cavabında “İşğalla heç vaxt barışmayın, biz barışmadıq!” tövsiyəsi isə bütün separatçı qüvvələrə, o cümlədən Harri Kasparov kimilərinə dərs olmalıdır.
Yeri gəlmişkən, Trampın 27 noyabr “dedlayn”ının vaxtı dünən tamam oldu. “Ukrayna, noyabrın 27-nə kimi Donbasın Rusiyaya verilməsi barədə sazişə qol çəkməlidir” təhdidi “ayaq tutub, yeriyə bilmədi”. Çünki Ukraynanın dövlət başçısı Volodimir Zelenski və xalq-ordu birliyi növbəti dəfə həmin təhdidin qarşısını ala bildi.
Xatirə SADİQ












