Kəndlərimiz bu yolla qaytarıla bilər - Önəmli açıqlama

Kəndlərimiz bu yolla qaytarıla bilər - Önəmli açıqlama

Ermənistanda ABŞ ilə TRIPP layihəsinin imzalanması və regional kommunikasiya xətlərinin yenidən dizayn edilməsi fonunda sərhədlərin delimitasiyası prosesi Cənubi Qafqazın əsas müzakirə mövzusuna çevrilib. Erməni ekspert və siyasi dairələrində xüsusilə Qazax rayonunun tərkib hissəsi olan, lakin 1990-cı illərin əvvəllərindən işğal altında qalan Sofulu və Bərxudarlı kəndlərinin taleyi ətrafında yaranan təşviş təsadüfi deyil.

Tavuş vilayətində Ermənistanın əsas daxili nəqliyyat və kommunikasiya yollarının yaxınlığında yerləşən bu eksklavların Azərbaycanın suveren nəzarətinə qayıtması ehtimalı İrəvanda ciddi strateji qorxu yaradıb. Rəsmi Bakı isə bu məsələyə hər zaman olduğu kimi birtərəfli ərazi iddiaları çərçivəsində deyil, beynəlxalq hüquq normaları, SSRİ dövrünün legitim xəritələri və ərazi bütövlüyünün bərpası prizmasından yanaşır. Regionda yaranmış bu yeni geosiyasi reallıq fonunda Azərbaycanın həmin kəndlərin qaytarılması üçün qısamüddətli hərbi əməliyyatlara əl atacağı, yoxsa delimitasiya və demarkasiya üzrə uzunmüddətli diplomatik prosesin nəticəsini gözləyəcəyi sualı ən aktual müzakirə mövzusuna çevrilib.

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan professor, politoloq Qabil Hüseynli qeyd edib ki, Azərbaycanın işğal altında qalan eksklav kəndlərinin, o cümlədən Sofulu və Bərxudarlının geri qaytarılması məsələsi artıq qaçılmaz reallıqdır və bu proses hərbi yolla deyil, məhz tətbiq edilən sərt diplomatik və hüquqi təzyiqlər vasitəsilə həll olunmalıdır: "Azərbaycan hərbi güc tətbiq etmədən də istənilən strateji hədəfə nail olmaq qüdrətinə malikdir. Lakin rəsmi Bakı təmkinli və beynəlxalq hüquqa əsaslanan siyasət yürüdərək məsələni sülh yolu ilə, sərhədlərin delimitasiyası və demarkasiyası komissiyalarının işi çərçivəsində həll etməyə üstünlük verir. Erməni ekspertlərinin Tavuş bölgəsindəki yolların və hərbi mövqelərin təhlükəsizliyi ilə bağlı yaşadığı qorxu əslində İrəvanın vaxt udmaq və prosesi uzatmaq cəhdlərindən başqa bir şey deyil. Sofulu və Bərxudarlı, eləcə də digər anklav kəndlər Azərbaycanın ayrılmaz hissəsidir və gec-tez beynəlxalq hüquq çərçivəsində öz sahibinə qayıdacaqdır".

Onun sözlərinə görə, rəsmi Bakının səbrli və ardıcıl strategiyası Ermənistanı hər hansı alternativsiz dalana dirəyib və İrəvan gec ya tez bu kəndləri boşaltmağa məcbur olacaq: "Azərbaycan hərbi əməliyyatlara başlamaq üçün heç bir zərurət duymur, çünki regionda güc balansını tamamilə tənzimləyən tərəf məhz Bakıdır. Sərhədlərin müəyyənləşdirilməsi prosesinin müəyyən qədər vaxt aparması texniki və hüquqi prosedurlarla bağlıdır, lakin bu, prosesin mahiyyətini dəyişmir. Ermənistan tərəfi yaxşı başa düşür ki, Zəngəzur dəhlizi və digər nəqliyyat xətlərinin açılması fonunda Azərbaycanın qaldırdığı eksklavların qaytarılması tələbi qanunidir və bu məsələdə hər hansı güzəştdən söhbət gedə bilməz. Bakı uzunmüddətli sülh müqaviləsinin imzalanması üçün bu şərtlərin yerinə yetirilməsini tələb edir və yaxın dövrdə diplomatik kanallar vasitəsilə bu istiqamətdə konkret irəliləyişlərin əldə olunacağı qaçılmazdır".

Tunar,
NOCOMMENT.az