Milli Məclisdən sosial şəbəkələrlə bağlı önəmli qərar - Nələr olacaq?

Milli Məclisdən sosial şəbəkələrlə bağlı önəmli qərar - Nələr olacaq?

Milli Məclisdə sosial şəbəkələrlə bağlı qanunvericiliyə edilən dəyişikliklər üçüncü oxunuşda qəbul edilib. Yeni tənzimləməyə əsasən, sosial şəbəkə platformalarının həyatımıza geniş daxil olması şəraitində müsbət imkanlar yaratmaqla yanaşı, onun zərərli təsirlərindən uşaqların müdafiəsi tədbirləri gücləndirilir. Qanunvericiliklə 16 yaşadək uşaqların sosial şəbəkə platformalarında sərbəst hesab yaratmasına yol verilmir, 16-18 yaş arası yeniyetmələr isə bunu yalnız valideyn icazəsi ilə edə bilərlər. Bu addım uşaqların yetkinlik yaşına çatana qədər rəqəmsal mühitin zərərli təsirlərindən uzaq olması, onların fiziki-psixoloji sağlamlığının, düzgün inkişafının və sağlam baxışla yetişməsinin təmin edilməsi məqsədini daşıyır. Qanunvericiliyə edilən dəyişikliklər bəzilərinin iddia etdiyi kimi 'sosial şəbəkələrə qadağa' və ya 'uşaq hüquqlarının pozulması' deyil, 'sosial şəbəkələrdə qeydiyyat zamanı yaş yoxlanılmasının tətbiqi' və 'uşaqların zərərli təsirlərdən qorunması' mexanizmidir. Digər sahələrdə də uşaqların hüquqları qorunmaqla yaş məhdudiyyətləri mövcuddur (siqaret, alkoqol, soyuq silah satışına və pornoqrafik məzmunlara çıxışın məhdudlaşdırılması) və bu tədbirlər uşaqların rifahı üçün tətbiq olunub. Müasir rəqəmsal dövrdə bu mexanizm sosial mediada da əksini tapmalıdır ki, dünyanın bir çox inkişaf etmiş ölkəsində bu təcrübə artıq var. Azərbaycanda 2018-ci ildə qəbul edilmiş 'Uşaqların zərərli informasiyadan qorunması haqqında' Qanunun davamı olaraq indiki dövrdə bu məsələlərin sosial şəbəkələrdə həllinə yönəlmiş addımlar atılır. Yeni qanun qəbul edildikdən 12 ay sonra qüvvəyə minəcək və bu müddət ərzində yaş yoxlaması tətbiq ediləcək platformaların siyahısının müəyyənləşdirilməsi, maarifləndirmə, təlimlər və texniki həllərin seçimi həyata keçiriləcək.

NOCOMMENT.az xəbər verir ki, Azərbaycan parlamentinin qəbul etdiyi bu yeni və mütərəqqi hüquqi sənəd fərd, ailə, cəmiyyət və dövlət institutlarının gələcək sağlamlığı üçün fundamental əhəmiyyət kəsb edən milli təhlükəsizlik xarakterli addımdır. Müasir rəqəmsal dövrün gətirdiyi qlobal çağırışlar, sosial şəbəkələrdə uşaqların psixikasını zədələyən, onları erkən yaşda bulinqə (psixoloji terrora), zorakılığa və zərərli vərdişlərə sövq edən məzmunların filtrasiya olunması zərurətini ortaya qoyurdu. Dövlətin sosial siyasətinin ana xəttini təşkil edən uşaqların müdafiəsinin gücləndirilməsi, onların gələcəyinə qayğının davam etdirilməsi strategiyası bu qanunla virtual məkana da daşınmış olur. Beynəlxalq təcrübə və yerli şərait nəzərə alınmaqla dünyada gedən inkişaf meylləri ilə tam uzlaşan bu dəyişikliklər, uşaqların yetkinlik yaşına çatana qədər sosial şəbəkə mühitində fəaliyyət üçün hazırlanmasını və daha sonrakı dövrdə valideyn nəzarəti mexanizmlərinin effektiv işləməsini təmin edəcək.

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan hüquqşünas Natiq Ələsgərov qeyd edib ki, Milli Məclisdə üçüncü oxunuşda qəbul edilən bu dəyişikliklər Azərbaycanda uşaq hüquqlarının rəqəmsal müstəvidə qorunmasını beynəlxalq standartlar səviyyəsinə qaldıran mükəmməl bir hüquqi bazadır: "Bu sənədin mahiyyətini cəmiyyətə düzgün təqdim etmək lazımdır. Bəzi subyektiv dairələrin iddia etdiyi kimi, burada söhbət sosial şəbəkələrə qadağadan və ya uşaqların inkişafına zərbə vurulmasından getmir. Əksinə, qanunverici orqan sosial şəbəkələrdə qeydiyyat zamanı yaş yoxlanılmasının tətbiqi və uşaqların zərərli təsirlərdən qorunması mexanizmini təsbit edir. Real həyatda uşaqlarımızı necə siqaret, alkoqol, soyuq silah (bıçaq) satışından, pornoqrafik və zorakı məzmunlu məhsullardan qanunla qoruyuruqsa, virtual dünyada da eyni qoruma qalxanını yaratmaq məcburiyyətində idik. Çünki bu gün idarəolunmaz sosial şəbəkə alqoritmləri uşaqların hələ tam formalaşmamış fiziki və psixoloji sağlamlığına sarsıdıcı zərbələr vurur. 16 yaşadək uşaqların hesab yaratmasının məhdudlaşdırılması, 16-18 yaş arası yeniyetmələrə isə bunun yalnız valideyn icazəsi ilə mümkün edilməsi dövlətin ailə institutuna verdiyi ən böyük hüquqi dəstəkdir. Bu addım 2018-ci ildə qəbul edilmiş 'Uşaqların zərərli informasiyadan qorunması haqqında' Qanunun məntiqi və mütərəqqi davamıdır. Qanunun tam qüvvəyə minməsi üçün müəyyən edilən 12 aylıq keçid dövrü isə olduqca peşəkarlıqla düşünülüb. Bu bir il ərzində aidiyyəti dövlət qurumları yaş yoxlaması tətbiq ediləcək platformaların siyahısını dəqiqləşdirəcək, İKT sahəsində rəqəmsal fərdiyyətin təyini üçün texniki həlləri hazırlayacaq, həmçinin məktəblərdə və ailələrdə geniş maarifləndirmə, məlumatlandırma təlimləri keçirəcək. Dövlət bu qanunla uşaqlarımızın virtual manipulyasiyaların qurbanı olmasının qarşısını alır, onların sağlam baxışla, milli və mənəvi dəyərlərə sadiq yetişməsi üçün hüquqi şərait yaradır".

Tunar,

NOCOMMENT.az