Rusiya Prezidenti Vladimir Putin ABŞ-nin yenilənmiş sülh planını ilk dəfə şərh etdi və mətbuat konfransındakı açıqlamaları ilə göstərdi ki, konstruktivlik təəssüratı yaratmaq cəhdlərinə baxmayaraq, Moskva güzəştə getmək istəmir.
Görünən odur ki, Putin güzəştə getmir, Ukrayna da həmçinin ərazilərindən vaz keçmir. Belə olan halda müharibənin sonu necə olacaq?

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan politoloq Tural İsmayılov maraqlı fikirlər səsləndirib.
O, bildirib ki, Moskvanın mövqeyi hazırda daha çox mövcud vəziyyəti qorumağa hesablanıb:
“Sülh təşəbbüslərinə şifahi dəstək ifadə edilsə də, real mərhələdə mövqelərdə ciddi dəyişiklik görünmür. Bu isə qarşı tərəfdə etimadsızlıq yaradır və danışıqlar prosesini faktiki olaraq formallığa çevirir. Rusiya təhlükəsizlik arqumentlərini ön plana çıxarsa da, praktiki addımlar bu arqumentlərlə tam uzlaşmır. Ərazilər üzərində faktiki nəzarətin saxlanılması prioritet kimi qalır ki, bu da kompromis imkanlarını minimuma endirir. Belə şəraitdə sülh danışıqları nəticə doğurmaqdan çox, vaxt udmaq aləti təsiri bağışlayır”.
Politoloq əlavə edib ki, bu xətt uzunmüddətli perspektivdə Rusiyanın öz maraqlarına da risk yaradır:
“Qərblə münasibətlərin daha da sərtləşməsi, iqtisadi təzyiqlərin davam etməsi və texnoloji izolyasiya ölkənin manevr imkanlarını daraldır. Qısamüddətli taktiki üstünlüklər strateji mənada daha böyük problemlərə çevrilə bilər. Nəticə etibarilə, Moskva çevik mövqeyə keçmədikcə, proses nə real sülhə, nə də dayanıqlı sabitliyə yaxınlaşır. Hazırkı xətt münaqişəni bitirməkdən çox, onu uzatmaq effektinə malikdir. Açığı, bu yanaşma hamı üçün itkiləri artıran vəziyyət yaradıb”.












