Ermənistanda sərt qarşılıqlı ritorika ilə müşayiət olunan seçkiqabağı kampaniyanın qızğın vaxtında vəhşi təbiətin yırtıcı nümayəndəsi — şir — "üçbaşlı müharibə partiyası"nın liderlərindən biri, oliqarx Qagik Tsarukyan ilə Baş nazir Nikol Paşinyan arasında polemika mövzusuna çevrildi.
NOCOMMENT.az xəbər verir ki, Tsarukyanın "Çiçəklənən Ermənistan" partiyasının siyahısında ikinci yeri tutan və Rusiyanın xeyrinə casusluqda ittiham olunan Andranik Tevanyanının həbsini şərh edən Paşinyan bildirdi ki, bu fakt Tsarukyanın özünün də casus olmasından xəbər verir. Ermənistan hökumətinin başçısı bunu belə izah etdi ki, əks halda oliqarx öz partiyasının siyahısına xarici agenti daxil etməzdi.
Buna cavab olaraq Tsarukyan bəyan etdi ki, əgər Paşinyan onun casusluq fəaliyyətini sübut etməsə, cəza olaraq onun ev heyvanının — erkək şirin olduğu qəfəsə girməlidir. "Qoy gəlsin, özü şirin yuvasına girib çıxsın", — deyə oliqarx bildirib.
Paşinyan Tsarukyanın bəyanatına kəskin reaksiya verib: "Şirlər barədə bilmirəm, amma sən hazırlaş: növbəti onilliklərdə qəfəsdə yaşayacaqsan və səninlə mütləq bir erkək olacaq. Söz verirəm".
Tsarukyanın "qolçomaqlaşdırılması" (mülklərinin əlindən alınması) prosesi tam sürətlə davam edir. Onun özü artıq həbs olunub.
Çoxdandır məlumdur ki, Rusiya hakimiyyət dairələri ilə sıx əlaqələri olan milyarder Qagik Tsarukyanın İrəvandakı iqamətgahında şirlərin, meymunların və digər heyvanların saxlandığı şəxsi zoopark var idi. Və budur, Paşinyan öz seçki vədlərindən birini yerinə yetirdi: Tsarukyan həbs olunub. Ona qarşı təxminən on cinayət işi başlanıb, o cümlədən qanunsuz ov və təbiətə qəsdən zərər vurma maddələri ilə. İş adamının iqamətgahında aparılan axtarışlardan sonra onun şəxsi zooparkındakı heyvanların bir hissəsi, o cümlədən şirlər İrəvan zooparkına köçürülüb.
Ermənistan İstintaq Komitəsi bildirib ki, vəhşi heyvanların və ya quşların qanunsuz ovlanması faktı üzrə başlanmış cinayət işinin ilkin istintaqı zamanı Qagik Tsarukyanın şəxsi evindən müxtəlif heyvan və quşların 190 müqəvvası, həmçinin üç şir və bir pələng götürülüb. Onlar maddi sübut kimi tanınaraq zooparka təhvil verilib. Evdə saxlanılan digər heyvanların da yaxın günlərdə götürülərək məsul quruma təhvil verilməsi planlaşdırılır.
Şirlər və digər vəhşi heyvanlar Tsarukyanın itirdiyi yeganə şeylər deyil. Oliqarxın "qolçomaqlaşdırılması" prosesi geniş miqyasda davam edir. Ermənistan mediası xəbər verir ki, biznesmenə məxsus "Araratsement" zavodunun fəaliyyəti dayandırılıb. Müəssisənin işçiləri "Azadlıq" radiosunun erməni xidmətinin müxbirlərinə bildiriblər ki, hüquq-mühafizə orqanları iyulun 7-də zavodun qapılarını möhürləyib və heç kimə heç nə izah etmədən gediblər. Ötən gün həmçinin Qagik Tsarukyanın ailəsinə məxsus olan İrəvan konyak, şərab və araq istehsalı zavodu "Ararat", "Multi Stoun" şirkəti, "Multi Velnes" fitnes mərkəzi, "Olimpavan" mərkəzi və "Faraon" restoranı bağlanıb. Tsarukyanın rəhbərlik etdiyi Ermənistanın Milli Olimpiya Komitəsi də işləmir.
Paşinyan seçkiqabağı çıxışlarında bəyan etmişdi ki, sement və konyak zavodları vaxtilə qanunsuz özəlləşdirilib və dövlətin xeyrinə müsadirə olunacaq. Həmçinin Ermənistanın Baş naziri söz vermişdi ki, Tsarukyanın İrəvandakı iqamətgahını müsadirə edəcək və onu yaşlılar üçün istirahət evinə çevirəcək.
Gözlənilir ki, Paşinyan Rusiyayönlü qüvvələri darmadağın etmək vədlərini yerinə yetirməyə davam edərək, Tsarukyanın ardınca Samvel Karapetyan və Robert Köçəryanın da "qolçomaqlaşdırılması" prosesinə başlayacaq.
Əli Səfərli,
NOCOMMENT.az











