ABŞ-ın son hücumları nəticəsində 14 nəfər ölüb, 78 nəfər yaralanıb

ABŞ-ın son hücumları nəticəsində 14 nəfər ölüb, 78 nəfər yaralanıb

İran İslam Respublikasının Səhiyyə Nazirliyi iyulun 8 və 9-da ABŞ-ın İran ərazisinə endirdiyi genişmiqyaslı hava zərbələrinin ağır nəticələri barədə rəsmi məlumat yayıb. Nazirliyin yaydığı bəyanatda bildirilir ki, atəşkəs rejiminin pozulmasından sonra ABŞ qüvvələri ölkənin beş əyalətini hədəf alıb və nəticədə 14 mülki vətəndaş həlak olub, 78 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

NOCOMMENT.az xəbər verir ki, hücumlar xüsusilə İranın cənub sahillərindəki hərbi və strateji infrastruktur obyektlərinə qarşı yönəldilib. Rəsmi qurumların məlumatına görə, zərbələr Buşəhr, Kankan, Bəndər-Ləngə, Bəndər-Abbas, Port-Cask, Konarak, Çabahar və İrənşəhr şəhərlərini, habelə Sirik, Keşm, Əbu Musa, Lavan və Kiş adalarını əhatə edib. Bundan əlavə, Gülistan əyalətində yerləşən və strateji əhəmiyyətə malik Ak-Qala dəmir yolu körpüsü də ABŞ aviasiyasının hədəfləri arasında olub.

Xatırladaq ki, regionda gərginlik ABŞ-ın İranı Hörmüz boğazında üç kommersiya gəmisinə hücum etməkdə ittiham etməsindən sonra kritik həddə çatıb.

ABŞ Prezidenti Donald Tramp ötən ay əldə edilmiş atəşkəs razılaşmasının artıq qüvvədə olmadığını bəyan edərək, Tehranın hərəkətlərinə qarşı 20 qat daha sərt cavab veriləcəyi barədə xəbərdarlıq edib. ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) öz növbəsində son iki gün ərzində 90-a yaxın hərbi hədəfin, o cümlədən hava hücumundan müdafiə sistemləri və raket infrastrukturunun məhv edildiyini açıqlayıb. İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) isə buna cavab olaraq Bəhreyn və Küveytdəki ABŞ hərbi obyektlərinə raket və pilotsuz uçuş aparatları ilə zərbələr endirdiyini bildirib.

Əli Səfərli,
NOCOMMENT.az