ŞOK: Ukraynanın NATO planı pozuldu – gələcək risklər nədir?

ŞOK: Ukraynanın NATO planı pozuldu – gələcək risklər nədir?

Kiyevin NATO-ya üzvlükdən faktiki olaraq imtina etməsi regiondakı güc balansına təsirsiz ötüşməyəcək. Bəs, bu, Ukraynanın təhlükəsizliyinə necə təsir göstərə bilər?

Siyasi şərhçi Oqtay Qasımov NOCOMMENT.az-a açıqlamasında bildirib ki, Kiyev uzun illər NATO üzvlüyünü ölkənin əsas təhlükəsizlik təminatı kimi görürdü. Lakin dəyişən geosiyasi şərtlər, xüsusilə də ABŞ Prezidenti Donald Trampın Ukraynanın NATO-ya qəbuluna mənfi yanaşması Kiyevi alternativ təhlükəsizlik mexanizmləri axtarmağa məcbur edib.

O.Qasımovun sözlərinə görə, Tramp NATO genişlənməsinə açıq şəkildə qarşı çıxır və Avropa liderləri də hazırkı mərhələdə Vaşinqtonla ziddiyyətə getmək niyyətində deyillər:

“NATO-da üzvlüklə bağlı qərarların konsensus əsasında qəbul olunduğunu nəzərə alanda, Ukraynanın yaxın perspektivdə Alyansa qoşulması real görünmür”.

Siyasi şərhçi vurğulayıb ki, Ukrayna məhz bu reallığı dərk etdiyi üçün ABŞ və digər Qərb dövlətlərindən fərqli formatlarda təhlükəsizlik təminatları almağa çalışır:

“Ukrayna NATO üzvü olsaydı, bu, həm ölkəyə, həm də Alyansa ciddi güc qazandırardı. Dörd illik müharibə təcrübəsi olan və müasir silahlarla təchiz edilən Ukrayna ordusu bu gün Avropanın ən güclü ordularından biridir. Onun NATO-ya qatılması Alyansın hərbi gücünü daha da artırardı.”

Qasımov bildirib ki, NATO-ya üzvlük baş tutmadığı halda əməkdaşlıq tam dayanmaya bilər, lakin bu əməkdaşlığın əsas məzmunu – qarşılıqlı müdafiə təminatları yalnız ABŞ və onun güclü müttəfiqləri tərəfindən ikitərəfli şəkildə verilə bilər:

“Ukraynanın əsas məqsədi gələcəkdə ehtimal olunan yeni Rusiya aqressiyasından qorunmaqdır. Alyansa üzvlük mümkün olmasa da, güclü dövlətlərlə təhlükəsizlik razılaşmaları Kiyevə müəyyən müdafiə təminatları verə bilər. NATO-ya üzvlük həm Ukraynanın, həm də NATO-nun gücünə güc qatardı. Amma yaxın perspektivdə bunun real olmadığı artıq bəllidir,” – deyə siyasi şərhçi əlavə edib.

Aynurə İsmayıl