Azərbaycan ilə Almaniya Federativ Respublikası arasında imzalanmış İkitərəfli Tərəfdaşlıq üçün Strateji Gündəlik haqqında Birgə Bəyannamə ölkələrimizin münasibətlərində keyfiyyətcə yeni mərhələnin təməlini qoyan, həm ikitərəfli əlaqələrin dərinləşməsi, həm də bütövlükdə Avrasiya məkanında təhlükəsizlik və sabitlıq arxitekturasının möhkəmlənməsi baxımından müstəsna əhəmiyyət daşıyan tarixi siyasi sənəddir. Berlin şəhərində reallaşan bu mühüm addım iki ölkə arasındakı münasibətlərin artıq uzunmüddətli dostluq və qarşılıqlı etimad çərçivəsini aşaraq real strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini əyani şəkildə nümayiş etdirir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Almaniya Kansler Fridrix Mertsin səyləri və siyasi iradəsi nəticəsində əldə olunan bu razılaşma ölkələrimiz arasında dövlətlərarası münasibətlərin keyfiyyətcə yeni müstəviyə keçdiyini göstərir. Sənədin mətnindən də göründüyü kimi, tərəflər bir-birinin dövlət suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə qəti hörmətlə yanaşdıqlarını bəyan etməklə yanaşı, beynəlxalq hüququn norma və prinsiplərinə, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə və Helsinki Yekun Aktına sadiqliklərini bir daha təsdiqləyirlər ki, bu da qlobal miqyasda hüququn aliliyinin qorunması prinsipinə verilən dəyərin bariz nümunəsidir.

Bu Strateji Gündəliyin imzalanması xüsusilə Cənubi Qafqazda tarixi irəliləyişlərin və sülh quruculuğu prosesinin intensivləşdiyi bir dövrə təsadüf etməsi baxımından dərin strateji məna kəsb edir. Bəyannamədə Azərbaycanla Ermənistan münasibətlərindəki tarixi irəli addımların, xüsusilə də Vaşinqton Zirvə Görüşünün nəticələrinin və regionda davamlı sülhə nail olunmasına hədəflənmiş səylərin Almaniya tərəfindən tam dəstəklənməsi regionda dayanıqlı təhlükəsizlik mühitinin formalaşmasına verilən mühüm beynəlxalq töhfədir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın regionda sülh və sabitliyin təmin edilməsi istiqamətində həyata keçirdiyi ardıcıl və məqsədyönlü siyasət qlobal güclər, o cümlədən Almaniya tərəfindən yüksək qiymətləndirilir və bu, ölkəmizin bölgədəki əsas söz sahibi və etibarlı tərəfdaş statusunu bir daha təsdiqləyir.
İkitərəfli münasibətlərin praktiki müstəviyə keçidini təmin edən sahəvi əməkdaşlıq istiqamətləri bəyannamədə son dərəcə sistemli və hərtərəfli şəkildə öz əksini tapmışdır. Siyasi və diplomatik əməkdaşlıq çərçivəsində yüksək səviyyəli səfərlərin mübadiləsi, müntəzəm məsləhətləşmələr və məxsusi-məzmunlu dialoqlar iki ölkənin dövlət qurumları arasında əlaqələrin operativliyini təmin edəcək. Eyni zamanda, iqtisadi və ticarət əlaqələrinin genişləndirilməsi, Almaniya-Azərbaycan Yüksək Səviyyəli İşçi Qrupunun fəaliyyətinin davam etdirilməsi qarşılıqlı investisiya imkanlarının artırılması üçün güclü mexanizm formalaşdırır. Xüsusilə yaşıl enerji, yaşıl və aşağı karbonlu hidrogen, enerji səmərəliliyi, bağlantılar və infrastruktur, eləcə də qaz da daxil olmaqla enerji axınları sahəsindəki əməkdaşlıq Azərbaycanın qlobal enerji təhlükəsizliyində oynadığı strateji rolu bir daha ön plana çəkir. Almaniyanın bu sahələrdə Azərbaycanla sıx əməkdaşlıqda maraqlı olması ölkəmizin enerji siyasətinin nə qədər uzaqgörən və şaxələndirilmiş olduğunu göstərir.

Təhlükəsizlik və müdafiə sahəsində nəzərdə tutulan tədbirlər isə həm regional, həm də qlobal miqyasda çağırışlara qarşı birgə mübarizə əzmini nümayiş etdirir. İnsan və narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə, mina təmizləmə sahəsində əməkdaşlıq və yardım, müdafiə sənayesində əlaqələrin təşviqi, həmçinin Müdafiə Akademiyaları arasında mütəxəssis və tələbə mübadiləsi hərbi-taktiki və praktiki səviyyədə qarşılıqlı etimadı daha da möhkəmləndirəcəkdir. Humanitar və mədəniyyətlərarası mübadilələr, təhsil, elm, texnologiya və innovasiya sahəsindəki layihələr isə iki xalq arasında əlaqələrin dərin kök salmasına və gələcək nəsillər üçün möhkəm körpü rolunun oynamasına şərait yaradacaq. Rəqəmsal transformasiya, sənaye modernləşdirilməsi və inkişaf edən texnologiyalar üzrə birgə tədqiqat layihələri Azərbaycanın gələcəyin iqtisadiyyatına hazırlaşmaq strategiyasına Almaniyanın elmi-texniki potensialının inteqrasiyası baxımından mühüm əhəmiyyət daşıyır.
Bütövlükdə, Azərbaycan ilə Almaniya arasında imzalanmış bu Birgə Bəyannamə ölkəmizin beynəlxalq nüfuzunun artmasının, xarici siyasətində qazanılan uğurların və qlobal miqyasda qurulan bərabərhüquqlu, qarşılıqlı faydalı tərəfdaşlıq münasibətlərinin məntiqi nəticəsidir. Berlin şəhərində əldə olunan bu razılaşma həm ikitərəfli əlaqələrin gələcək inkişaf vektorlarını müəyyənləşdirir, həm də Azərbaycanın Avropa məkanındakı strateji mövqeyini daha da gücləndirərək uzunmüddətli sabitlik və rifahın təmin olunmasına xidmət edir.
Əli Səfərli,












