Tehranda sürpriz çağırış: xarici siyasət yumşaldılsın

Tehranda sürpriz çağırış: xarici siyasət yumşaldılsın

İran siyasi elitasının daxilində ölkənin xarici siyasətinə, xüsusən də ABŞ, İsrail və ərəb dövlətləri ilə münasibətlərə yenidən baxılması ilə bağlı çağırışlar güclənir.

NOCOMMENT.az xəbər verir ki, “Financial Times” yazır ki, dəyişikliklər əsasən “inqilabın oğulları” adlandırılan ikinci nəsil rəhbər şəxslərdən – sistemin içində böyümüş və yüksək dövlət vəzifələrində çalışan fiqurlardan gəlir.

Nəşrin qeyd etdiyinə görə, bu yeni nəsil arasında ən diqqətçəkən səslərdən biri İranın Ali Liderinin müşavirinin oğlu Hamzu Səfavidır. O hesab edir ki, İran Qərblə ideoloji qarşıdurmanı zəiflətməli və yeni toqquşmalardan qaçmaq üçün daha praqmatik siyasət yürütməlidir. Səfavi həmçinin istisna etmir ki, əgər İsrail 1967-ci il sərhədlərinə qayıtmağa razılıq versə, Tehran Fələstin məsələsinin “iki dövlət” həlli modelinə nəzəri cəhətdən dəstək verə bilər.

Keçmiş parlament üzvü və sabiq prezident Rəfsəncaninin qızı Faizə Haşimi də ABŞ-la diplomatik münasibətlərin bərpasının vacibliyini vurğulayıb. Onun sözlərinə görə, İran öz maraqlarını “normal ölkə kimi” müdafiə etmək üçün Vaşinqtonla əlaqələri bərpa etməlidir.

“Financial Times” yazır ki, hakimiyyət nümayəndələri potensial islahatların məhz rejimin daxilindən gələcəyini, onların nə müxalifət, nə də küçə etirazları tərəfindən diktə olunmayacağını nümayiş etdirməyə çalışır. Eyni zamanda, onlar Qərbə ölkədə dəyişikliklərin dövlətin sabitliyinə təhlükə yaratmadan həyata keçirilə biləcəyini göstərmək istəyirlər.