Ukrayna-Rusiya müharibəsi BİTİR? – Geniş razılaşma və…

Ukrayna-Rusiya müharibəsi BİTİR? – Geniş razılaşma və…

Son günlər Ukrayna müharibəsi ilə bağlı yayılan məlumatlar beynəlxalq ictimaiyyətin diqqətini yenidən qapalı diplomatik proseslərə yönəldib.

ABŞ administrasiyasına yaxın fiqurların qəfil şəkildə Yaxın Şərqə səfər etməsi və Rusiya nümayəndə heyəti ilə gizli danışıqlara hazırlaşması müharibənin taleyinin masa arxasında həll edilə biləcəyi ehtimalını gücləndirib. Xüsusilə ABŞ Prezidenti Donald Trampa yaxınlığı ilə tanınan Stiv Uitkoff və Cared Kuşnerin Əbu-Dabiyə səfəri dünya mediasında “yeni sülh planının başlanğıcı” kimi şərh olunur.

Məlumatlara görə, ABŞ nümayəndələrinin Rusiya tərəfi ilə qapalı görüşü Ukrayna müharibəsinin gələcək mərhələsini müəyyənləşdirə biləcək mühüm danışıqlar kimi qiymətləndirilir. Rəsmi açıqlamaların olmaması, tərəflərin mövqelərini gizli saxlaması və görüşlərin mediadan kənar keçirilməsi bu prosesin arxasında daha geniş siyasi razılaşmaların dayandığını göstərir. Analitiklər hesab edirlər ki, bu formatda aparılan danışıqlar açıq diplomatiyadan fərqli olaraq daha sərt və real kompromislərə hesablanır.

Mövzu ilə bağlı NOCOMMENT.az-a danışan siyasi şərhçi Heydər Oğuz bildirib ki, Əbu-Dabidə keçirilən bu görüşlər sadəcə texniki danışıqlar deyil, qlobal güclərin yeni bölgü planlarının tərkib hissəsidir.

Onun sözlərinə görə, ABŞ və Rusiya arasında Ukrayna üzərindən aparılan mübarizə artıq klassik müharibə mərhələsindən çıxaraq siyasi bazarlıq mərhələsinə keçib:

“Vaşinqton hazırkı mərhələdə müharibənin uzanmasının həm iqtisadi, həm də siyasi baxımdan ABŞ üçün ciddi risklər yaratdığını anlayır. Buna görə də Tramp komandası vasitəsilə alternativ danışıqlar kanalları açmağa çalışır”.

Heydər Oğuz

Ekspert qeyd edir ki, bu görüşlərin məhz rəsmi dövlət nümayəndələri deyil, Trampa yaxın şəxslər vasitəsilə aparılması prosesin qeyri-rəsmi, lakin daha təsirli xarakter daşıdığını göstərir:

“Rusiya tərəfi də mövcud vəziyyətdən maksimum siyasi dividendlər qazanmaq niyyətindədir. Moskva Ukrayna məsələsində müəyyən güzəştlər qarşılığında Qərbin sanksiyalarının yumşaldılmasına və beynəlxalq arenada mövqelərinin bərpasına çalışır. Bu baxımdan, Əbu-Dabidəki görüşlər Rusiyanın öz şərtlərini masa üzərinə qoyması üçün mühüm fürsət hesab olunur”.

Heydər Oğuz hesab edir ki, Ukraynanın özü bu prosesdə birbaşa iştirak etmədiyi təqdirdə, aparılan danışıqlar Kiyev üçün arzuolunan nəticələr doğurmaya bilər.

Onun fikrincə, böyük güclər arasında aparılan gizli razılaşmalar çox zaman münaqişə tərəfinin maraqlarından daha çox geosiyasi balanslara xidmət edir:

“Bu səbəbdən Ukraynanın gələcək taleyi ilə bağlı qərarların onun iştirakı olmadan verilməsi təhlükəli presedent yarada bilər.

Yaxın Şərqdə, xüsusilə BƏƏ kimi neytral mövqeyə yaxın ölkədə danışıqların aparılması təsadüfi deyil. Bu, tərəflər üçün təhlükəsiz və rahat diplomatik platforma rolunu oynayır və kompromislərin əldə olunmasını asanlaşdırır. Eyni zamanda, bu seçim ABŞ-nin regionda diplomatik nüfuzunu qorumaq cəhdinin də göstəricisidir. Yaxın aylarda bu görüşlərin nəticəsi olaraq ya atəşkəsə dair ilkin razılaşmalar, ya da müharibənin formatının dəyişməsi ilə bağlı yeni mexanizmlər ortaya çıxa bilər. Lakin onun sözlərinə görə, münaqişənin tam və uzunmüddətli həlli hələlik real görünmür, çünki tərəflərin strateji maraqları hələ də ciddi şəkildə toqquşur.

Şərhçi qeyd edib ki, Əbu-Dabidə keçirilən gizli zirvə Ukrayna müharibəsinin diplomatik mərhələyə keçidinin ilk ciddi siqnallarından biri kimi dəyərləndirilir:

“Bu danışıqların real sülhə, yoxsa yeni geosiyasi razılaşmalara xidmət edəcəyi isə yaxın dövrdə aydınlaşacaq. Hazırkı vəziyyət göstərir ki, müharibənin gələcək taleyi artıq təkcə cəbhədə deyil, qapalı qapılar arxasında da müəyyən olunur”.

Tunar