Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Əbdülqadir Uraloğlu CNN Türk-ə müsahibəsində bildirib ki, Zəngəzur dəhlizinin inşasının 2030-cu ilə qədər tamamlanması nəzərdə tutulur. Onun sözlərinə görə, Türkiyə Orta Dəhlizdə strateji həlqə rolunu oynasa da, hazırkı nəqliyyat axını mövcud potensialı tam əks etdirmir. “Biz tranzit yük dövriyyəsini Bakı–Tiflis xətti və Xəzər dənizi vasitəsilə artırmağa davam edirik. Zəngəzur dəhlizinin istifadəyə verilməsi isə bu tutumu əhəmiyyətli dərəcədə genişləndirəcək”, – deyə nazir qeyd edib.
Uraloğlu əlavə edib ki, sözügedən dəhliz türk dövlətlərini və Uzaq Şərqi birləşdirəcək ən qısa və ən səmərəli nəqliyyat marşrutu olacaq. Onun məlumatına görə, Azərbaycan artıq Naxçıvandan Ermənistanla sərhədədək dəmir yolu xəttinin tikintisini həyata keçirir, Horadiz–Bakı hissəsində isə işlər demək olar ki, yekunlaşmaq üzrədir. Dəhliz həm dəmir yolu, həm də avtomobil yolu infrastrukturunu özündə birləşdirəcək.
Xatırladaq ki, Prezident İlham Əliyev son çıxışlarında Zəngəzur dəhlizinin (“Tramp marşrutu”nun) Ermənistan tərəfindən gecikdirmələr olmayacağı təqdirdə 2028-ci ildə istifadəyə verilə biləcəyini bildirmişdi.
Bu şəraitdə əsas sual açıq qalır: hansı tarix daha real görünür – 2028, yoxsa 2030?
Eyni zamanda maraq doğuran digər məqam odur ki, ABŞ hökuməti Ermənistanı prosesə sürət verməyə təşviq edəcəkmi, yoxsa mövcud ləngimələr davam edəcək?

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan siyasi şərhçi Azər Hüseynov bildirib ki, Zəngəzur dəhlizinin 2030-cu ilə qədər açılacağına dair Türkiyə tərəfinin verdiyi məlumatlar göstərir ki, Orta Dəhliz konsepsiyası getdikcə qlobal səviyyədə daha ciddi əhəmiyyət qazanmağa başlayır:
“Dünyada baş verən proseslər – Rusiya–Ukrayna müharibəsinin müəyyən mərhələyə gəlməsi, Avropanın enerji və təhlükəsizlik narahatlıqları, həmçinin Yaxın Şərqdəki gərginliklər – onu deməyə əsas verir ki, dünya yeni lojistik xəttə, yeni tədarük marşrutlarına ciddi ehtiyac duyur. Bu yeni qlobal tələbatın qarşılanmasında Zəngəzur dəhlizi xüsusi strateji rol oynaya bilər. Məhz buna görə də, gələcək mərhələdə Ermənistanın Zəngəzur dəhlizini açmadan regional siyasi sistemdə stabil bir dövlət kimi fəaliyyət göstərməsi getdikcə çətinləşəcək. Çünki bu dəhliz fəaliyyətə başladığı təqdirdə, regiondakı bütün dövlətlərin iqtisadi maraqlarına xidmət edəcək və yeni ticarət, nəqliyyat və enerji xəttinin formalaşmasına imkan yaradacaq.”
Azər Hüseynovun sözlərinə görə, Ermənistan istəsə də, istəməsə də, bu yeni regional arxitekturanın bir hissəsi olmaq məcburiyyətində qalacaq:
“Paşinyanın mövqeyinə gəldikdə isə, mən onun tam şəkildə ABŞ nəzarətində olduğunu düşünmürəm. Paşinyan Qərb tərəfindən dəstəklənən bir siyasi fiqur kimi ortaya çıxsa da, Saakaşvilidən fərqli olaraq, o öz siyasətini daha çox erməni siyasi və yerli reallıqlara uyğunlaşdırmağa çalışır. Bu mənada o, həm öz hakimiyyətini qorumağa, həm də təmsil etdiyi dövlətin regional maraqlarını balanslaşdırmağa çalışır. Burada söhbət təkcə ABŞ təzyiqindən yox, ümumilikdə regionda baş verən proseslərin intensivliyindən gedir. Cənubi Qafqaz sürətlə dəyişir, güc mərkəzləri yenidən formalaşır və yeni beynəlxalq ticarət xəttinə nəzarət uğrunda rəqabət artır. Zəngəzur dəhlizi isə bu rəqabətin əsas parametrlərindən birinə çevrilməkdədir.”












