Psixoloq Ramil Nəcəfli qazilərin müalicəsi ilə bağlı səhiyyədə yol verilən olduqca neqativ və acınacaqlı bir faktı açıqlayıb. O, haqqında bəhs edəcəyi məsələnin ictimailəşdirilməsindən həkimlərin ehtiyat etdiyini də dilə gətirib.
NOCOMMENT.az KONKRET.az-a istinadən xəbər verir ki, jurnalistin Facebook səhifəsində paylaşdığı həmin faktı olduğu kimi təqdim edir:
“Deməli, bir neçə qazi var ki, ayağı tamamilə sıradan çıxıb. Nəinki sağala bilər, hətta həmin qazilərin həyatını cəhənnəmə çevirir. Aylarla zülm çəkirlər. Yalvarırlar ki, belə ayağı istəmirəm, kəsin bunu…
Ən yaxşı həkimlər ümumi rəy verib ki, ayaq kəsilməlidir. Tibbi dildə amputasiya olunmalıdır və yerinə protez qoyulması xəstənin həyat keyfiyyətini yaxşılığa doğru dəyişər.
Amma Hərbi Hospital bütün həkimlərə həmin qazilərin ayağını kəsməyi qadağan edib. Deməli, qazinin ayağını hər 3-4 aydan bir boş yerə əməliyyat edirlər. Özləri də bilir ki, bunun heç bir mənası yoxdur, amma kəsmirlər. Sadəcə ayaq üzərində müxtəlif əməliyyatlar edirlər. Hər dəfəsində də YAŞAT fondundan minlərlə manat pul silinir.
Çünki hospital rəhbərliyinə qazilərin yararsız və sağalmayan, çarəsiz ayaqlarını kəsib problemi kökündən həll etməkdənsə, onu 10-15 dəfə boş yerə əməliyyat etmək maddi cəhətdən sərfəlidir.
Elə qazi var ki, ayağıni 20 dəfə əməliyyat edirlər.
Adam intihar həddindədir. Yalvarır-yaxarır ki, istəmirəm bu ayağı, bundansa protezlə gəzərəm. İşin peşəkarı həkimlər də deyir, bu ayaqdan ayaq olmaz, sağalmayacaq. Amma göstəriş budur ki, kəsmək qadağandır, salın, xəstəni bir də əməliyyat edin. Qəti kəsməyin ayağı.
Tibbi jurnalist olaraq soruşuram: nə deməkdir bu?
Niyə bunun qarşısı alınmır?
Kim məsuliyyət daşıyır buna görə?
YAŞAT fondundan silinən o pullarla yüzlərlə qaziyə effektiv kömək etmək olar axı.
Kimisini 15 dəfə boş yerə əməliyyat edib, prosesi uzadaraq pul silirlər, kimilərinə də pul əsirgəyirlər”.