“Azərbaycan Nəşriyyatı” bu tarixdən bağlanır

“Azərbaycan Nəşriyyatı” bu tarixdən bağlanır

15.01.2026

19:30

Bir sıra redaksiyaların rəhbərləri Azərbaycan Nəşriyyatında yaranmış vəziyyətlə bağlı narahatlıqlarını bölüşüblər.

NOCOMMENT.az xəbər verir ki, onların verdiyi məlumata görə, nəşriyyat rəhbərliyi redaksiyalara fevral ayının 1-dək yerləşdikləri ofisləri təhvil vermələri barədə xəbərdarlıq edib. Redaksiya rəhbərlərinin sözlərinə görə, əsas problem ondan ibarətdir ki, ofislərin boşaldılması tələbi ilə yanaşı, onlara alternativ bina və ya yeni iş yeri təklif olunmayıb. Bu isə uzun illərdir nəşriyyat binasında fəaliyyət göstərən media qurumlarının işində ciddi çətinliklər yaradır. Məsələ ilə bağlı redaksiya nümayəndələri bildiriblər ki, qəfil köçürülmə tələbi redaksiyaların gündəlik fəaliyyətinə, texniki imkanlarına və arxiv materiallarının təhlükəsizliyinə mənfi təsir göstərə bilər. Onlar hesab edirlər ki, media orqanlarının yerləşdirilməsi ilə bağlı əvvəlcədən uyğun şərait yaradılmadan belə qərarların verilməsi yolverilməzdir. Hazırda redaksiyalar aidiyyəti qurumlardan məsələyə aydınlıq gətirilməsini, həmçinin onlara alternativ iş məkanlarının ayrılmasını gözləyirlər.

Mövzu ilə bağlı Azərbaycan Nəşriyyatının rəsmi mövqeyini işıqlandırmağa hazırıq. /AzTimes.az/

 

***

“Azərbaycan Nəşriyyatı” MMC təmirə bağlanır.

MMC-dən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutu binanın 9 mərtəbəli korpusunda keçirdiyi vizual texniki baxış nəticəsində nəşriyyatın uzunmüddətli istismarı zamanı əsaslı təmir işlərinin aparılmaması ilə əlaqədar əsas yükdaşıyan konstruksiyalarda, su-kanalizasiya və elektrik xətlərində qüsur və zədələnmələr aşkar edib.

Əlavə olunub ki, binadakı liftlərin texniki vəziyyəti də qənaətbəxş deyil.

Həmçinin bildirilib ki, mövcud texniki vəziyyət binada əsaslı təmir işlərinin aparılmasını zəruri edir: “Bu işlərin həcminin çox böyük olması onların mərhələli şəkildə, eləcə də binanın istismarı davam etdirilməklə icrasını praktiki olaraq mümkünsüz edir. Qeyd olunanları nəzərə alaraq fevralın 1-dən binanın istismarının dayandırılması haqda qərar verilib”.

Qeyd olunub ki, artıq binada köçürülmə prosesi başlayıb.