Azərsu: Sakinlərdən su pulu yığılır, amma borc ödənilmir – AÇIQLAMA

Azərsu: Sakinlərdən su pulu yığılır, amma borc ödənilmir – AÇIQLAMA

“Yeni Bakı” yaşayış kompleksinin sakinləri onlardan su pulu yığıldığını, yığılan vəsaitin şirkətin “Azərsu”ya olan borcunun bağlanmasına sərf edilmədiyini iddia edirlər.

Yaşayış kompleksinin sakinləri öz problemlərindən danışıblar.

Onlar iddia edirlər ki, “Yeni Bakı”nın “Azərsu”ya 254 min manat borcu var. Şirkət sakinlərdən su pulu yığır, lakin yığılan məbləği “Azərsu”ya ödəmir. Sakinlərin sözlərinə görə “Yeni Bakı” və “Azərsu” qarşılıqlı şəkildə bir-birilərini məhkəməyə veriblər. Şirkət yaşayış kompleksindəki su sistemini təhvil alması üçün “Azərsu”nu məhkəməyə verib. “Azərsu” da su sisteminin lazım olan standartlarda quraşdırılmadığını əsas gətirərək onu təhvil almır. Və beləcə hər iki tərəf məsələnin aydınlaşması üçün məhkəməyə müraciət edib.

NOCOMMENT xəbər verir ki, “Azərsu” ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anar Cəbrayıllı yeniavaz-a açıqlamasında məsələ ilə bağlı sakinlərə xəbərdarlıq edildiyini deyib: “Sakinlərə bildirilib ki, su pulu verməsinlər, çünki şirkət yığılan məbləği “Azərsu”ya ödəmir. “”Yeni Bakı” Yaşayış Kompleksində su anbarı tikilməyib və bütün mənzillər sayğacla təmin edilməyib. Bundan başqa, orada çoxlu neqativ amillər var və vətəndaşlarla şirkət arasında mübahisələr var. Vətəndaşlara birmənalı demək istəyirəm ki, su pulu ödəməsinlər. Çünki o kompleksdə yığılan pullar “Azərsu”ya ödənilmir və borclar günü-gündən daha da artır”.

Məsələ ilə bağlı “Yeni Bakı” yaşayış kompleksinin nümayəndələri ilə əlaqə saxladıq. Şirkətdən açıqlama verəcəklərini bildirsələr də, daha sonra telefonlarımıza cavab verilmədi.