Bakıda bəraət alan dünya çempionun qətli ilə bağlı YENİ FAKTLAR

Bakıda bəraət alan dünya çempionun qətli ilə bağlı YENİ FAKTLAR

Kikboks üzrə tanınmış idmançı, dünya çempionu Zaur Yusifovu güllələyərək öldürməkdə təqsirləndirilən 2000-ci il təvəllüdlü Samir Şirəliyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

NOCOMMENT teleqraf-a istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Daha sonra Samir Şirəliyevin vəkili məhkəmə prosesinin qapalı keçirilməsi barədə vəsatət qaldırıb. Vəkil vəsatətini Samir Şirəliyevin təhlükəsizliyinin təmin olunmasıyla əlaqələndirib.

Vəkilin daha bir vəsatəti isə müvəkkilinə Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsilə verilən ittihamın həmin məcəllənin 120.1 maddəsinə tövsif edilməsi barədə olub.

Vəkil bildirib ki, hüquqlarını müdafiə etdiyi şəxsin əməlində xüsusi amansızlıq, yaxud ümumi təhlükəli üsul olmayıb.

Məhkəmə prosesinin qapalı keçirilməsi barədə vəsatət təmin olunmayıb. Hakimlər bildiriblər ki, qanunvericilikdə hansı hallarda məhkəmənin qapalı keçirilməsi məsələsi müəyyənləşdirilib.

Məsələn, araşdırılan işdə kommersiya, ailə, dövlət sirri olduğu hallarda məhkəmə prosesi qapalı keçirilə bilər. Bu işdə isə həmin halların heç biri yoxdur.

Digər vəsatət isə baxılmamış saxlanılıb. Hakimlər bildiriblər ki, təqsirləndirilən şəxsin əməlində hansı maddənin tərkibi olması məhkəmə araşdırmalarından sonra məlum olacaq.

Növbəti proses iyulun 28-də davam edəcək.