Başı kəsilən qız məktəbdən çıxarılıbmış

Başı kəsilən qız məktəbdən çıxarılıbmış

Dünən Abşeron rayonu Hökməli qəsəbəsində nişanlısı tərəfindən boğazı kəsilərək qətlə yetirilən 16 yaşlı H.Rəcəbovanın orta təhsili yarımçıq qalıbmış.

NOCOMMENT-in xəbərinə görə, Hökməli qəsəbə tam orta məktəbindən qafqazinfo-ya bildirilib ki, H.Rəcəbova 2021-ci ildə 8-ci sinifdə oxuyarkən ailəsinin tələbi ilə təhsilini yarımçıq qoyub: “Onun atası bir müddət əvvəl vəfat edib, qapalı ailə olduqları üçün anasını çölə buraxmırlar. Nənəsi orta məktəbə gəlib təkidlə nəvəsinin məktəbdən çıxarılmasını tələb etdi. O, nəvəsinin nişanlandığını və 8-ci sinifdən sonra təhsilə davam etməyəcəyini bildirdi. Bundan sonra H.Rəcəbovanın məktəbdən çıxarılmasını aktlaşdırdıq və məktəbi tərk etdi”.

Qeyd edək ki, ailənin H.Rəcəbovadan başqa bir oğlu var.

Xatırladaq ki, oktyabrın 20-də Abşeron rayonu ərazisində 2006-cı il təvəllüdlü H.Rəcəbova öldürülüb. Aparılmış araşdırmalarla zərərçəkmişin nişanlısı, 1996-cı il təvəllüdlü Murad Həsənovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Murad Həsənov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.