Dərsə getməyən şagirdlərlə bağlı polisə məlumat veriləcək

Dərsə getməyən şagirdlərlə bağlı polisə məlumat veriləcək

Uşaq uzun müddət təhsildən yayınırsa, bu barədə məktəb direktorları polisə məlumat verməlidir.

NOCOMMENT.az xəbər verir ki, bunu “Uşaq müdafiəsi: dialoq mühiti və qurumlararası əməkdaşlıq” mövzusunda keçirilən konfransa qatılan Bakı Şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsinin baş inspektoru Kəmalə Ələkbərova deyib.

O qeyd edib ki, İdarə bu istiqamətdə məktəb direktorlarına məktublar ünvanlayıb: “Artıq bir neçə belə hadisənin qarşısı alınıb. Direktorlar DİN ilə yaxından əməkdaşlıq etməlidir. Nəticədə erkən ailə qurmaq problemini bu yolla həll edə bilərik”.

Qeyd edək ki, Dövlət Statistika Komitəsi 2021-ci ildə 18 yaşadək analar tərəfindən doğulan uşaqların ümumi sayının 9476 nəfər olduğunu açıqlayıb. Rəsmi statistikaya əsasən, 9476 nəfərin 84-ü 16 yaşa qədər olan analar, 341-i 16 yaşlı analar (ümumilikdə 425 nəfər), 1225-i 17 yaşlı olan analar, 2972-i 18 yaşlı analar, 4854-i 19 yaşlı analar tərəfindən doğulanlardır.