Elektron siqaretə qadağa: “Məntiqli sayıram”

Elektron siqaretə qadağa: “Məntiqli sayıram”

“Vətəndaşlarımızı istər elektron, istər klassik siqarətlərdən uzaq tutmalıyıq. Çünki bunlar həm insan sağlamlığına zərərlidir, həm də hər kəsin büdcəsinə ziyandır”.

NOCOMMENT.az xəbər verir ki, bunu Milli Məclis üzvü Müşviq Məmmədli bildirib.

Onun sözlərinə görə, hazırda ictimai məkanlarda tütün məhsullarının istifadısinə qadağa tətbiq olunur və bu həm elektron, həm də adi siqaretlər üçün keçərlidir.

“Təbii ki, yanaşma digər sahələrdə olduğu kimidir: vətəndaş bu barədə məlumatlandırılır, zərərli olması barədə fikirlər bildirilir və yaşa görə satış məhdudiyyəti var. Sonra təsir məsələləri və azyaşlıların çox olduğu yerlərdə satış baxımından bu məhdudiyyətlər də tətbiq olunur”.

M.Məmmədli sonrakı dövrlərdə müxtəlif sərt addımlar atıla biləcəyini vurğulayıb.

“Elektron siqarət ideyası 1970-ci illərdə ortaya çıxıb, lakin bir müddət sonra bu ideya sanki unudulub. Əsrin sonunda isə yenidən bu mövzuya qayıdıldı və sahibkarlar bu ideyanı dəyərləndirdilər. Beləliklə, elektron siqarətlərin kütləvi istehsalına başlanıldı. Əslində, bu istehsalın məqsədi guya ənənəvi siqarətə alternativ yaratmaq və insanlara siqarəti tərgitməyə kömək etmək idi. Lakin sonrakı təcrübə göstərdi ki, elektron siqarətlər təhlükəlilik baxımından ənənəvi siqarətlərdən geri qalmır”, – bu fikirləri isə “Yeni Sabah”a professor Adil Qeybulla bildirib.

O, əlavə edib ki, hər iki məhsulda asılılıq yaradan maddə, nikotinin miqdarı təxminən eynidir:

“Buna görə də hər iki məhsul orqanizm üçün eyni dərəcədə ziyanlıdır. Mən elektron siqarətlərin qadağan edilməsini müəyyən qədər məntiqli sayıram. Amma bir məsələ də var: qadağan olunan məhsul dünyada istehsal olunmağa davam edəcəksə, qeyri-rəsmi yollarla ölkəyə daxil olacaq, qiymətlər artacaq və defisit yaranacaq. Sadəcə olaraq, bu mövzuda təbliğata daha böyük üstünlük verilməsi məncə daha məqsədəuyğun olar”.\\”Yeni Sabah”