Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) növbəti güzəştli mənzil satışında cəmi 1 dəqiqə ərzində 627 mənzilin “yoxa çıxması” yenidən müzakirələri qızışdırıb. İstifadəçilər sistemin yüklənməsi, giriş problemləri, səhv bildirişləri və ödəniş mərhələsində ilişmələrdən narazılıq edərək, “hər dəfə eyni ssenari”nin təkrarlanmasından şikayətlənirlər.
Son satış prosesi bir daha göstərdi ki, bu, yalnız texniki hadisə deyil — struktur problemlərin, yüksək sosial təzyiqin və idarəetmə mexanizmlərinin optimal qurulmamasının birləşdiyi mürəkkəb prosesdir.
NOCOMMENT.az-a danışan tikinti eksperti İlqar Əsədov hesab edir ki, sadəcə “server çökməsi” ifadəsi vəziyyəti izah etməyə yetmir.
Onun sözlərinə görə, eyni anda minlərlə insanın sistemə daxil olmağa çalışması istənilən platformanı ciddi “dar boğaz”a sala bilər:
“Burada həm texniki, həm də idarəetmə səviyyəsində yenilənmələr lazımdır. Bu, adi onlayn alış deyil. Hər kəs eyni saniyədə düyməyə basır və bu qədər intensiv trafikə hazır olmayan sistem qaçılmaz olaraq nasazlıq verir. Platformanın həm trafik daşıma gücü, həm də iş prinsipi yüksək yüklənmə ssenarilərinə uyğunlaşdırılmalıdır. Dünyada belə satışlar çox vaxt lotereya və ya mərhələli rezervasiya ilə aparılır, çünki “ani hücum” tipli satışları texniki cəhətdən daşımaq çətindir”.
İqtisadçı Rauf Şahverdiyev məsələyə daha geniş iqtisadi kontekstdə yanaşır və bildirir ki, texniki problemlərin kökündə əslində mənzil çatışmazlığı dayanır:
“Bir dəqiqəyə satışın bitməsi problemin texniki deyil, iqtisadi göstəricisidir — tələbat təklifdən dəfələrlə çoxdur.
Çatışmazlıq davam etdiyi müddətdə sistem modernləşsə belə, yüklənmə və təzyiq eyni səviyyədə qalacaq. Sosial mənzil proqramlarının həcmi ölkədəki real ehtiyacla müqayisədə çox kiçikdir və bu, texniki sistemlərə əlavə psixoloji sıxlıq yükləyir. Bir tərəfdə on minlərlə gözləyən vətəndaş, digər tərəfdə isə 600–700 mənzil… Bu uçurum azalmadıqca, insanlar saniyə yarışına girəcək, sistemlər də bu yarışın ağırlığı altında qalacaq”.
İqtisadçının sözlərinə görə, problemin həlli təkcə texniki modernizasiya ilə bitmir:
“Təklifin artırılması, satış mexanizmlərinin mərhələli və ya kvotalı sistemə keçirilməsi, alternativ güzəşt proqramlarının tətbiqi olmadan proses hər dəfə eyni xaosa qayıdacaq”.












