İnternet qiymətləri QALXIR – Dillərə dastan internet problemi həllini belə tapacaq?

İnternet qiymətləri QALXIR – Dillərə dastan internet problemi həllini belə tapacaq?

Avqustun 15-dən Azərbaycanda aylıq internet paketlərinin qiymətləri artırılır.

Bu haqda məlumatı bir neçə gün əvvəl internet provayderləri öz saytlarında yaymışdılar.

Belə ki, “Şirkət GPON (Gigabit Passive Optical Network – Gigabit tutumlu Passiv Optik Şəbəkə) tarifləri üzrə təqdim olunan sürətləri 2.5 dəfə (40 Mbit/s internet sürətini 100 Mbit/s-yə, 60 Mbit/s internet sürətini 150 Mbit/s-yə və 100 Mbit/s sürətini isə 250 Mbit/s-yə qədər) artıracaq.

Yeni sürət tariflərində abunəçilər üçün minimal sürət 100 Mbit/s-dən başlayacaq və hər Mbit/s üçün ödəniş məbləği 0.45 AZN-dən 0.25 AZN-ə endiriləcək.

Belə ki, abunəçilərə 100 Mbit/s internet üçün 25 AZN, 150 Mbit/s internet üçün 30 AZN, 250 Mbit/s internet üçün 36 AZN qiymət təklif ediləcək.

Qeyd edilən qiymət dəyişiklikləri “Aztelekom” MMC-nin təqdim etdiyi xüsusi güzəşt tariflərini, o cümlədən şəhid ailələri və müharibə əlilləri üçün güzəştli “Təşəkkür” tarif paketlərini əhatə etməyəcək”.

Oxşar məlumatı “Uninet” MMC (“CityNet”) də yayıb. Bildirilib ki, tariflər 02.08.2024-cü il tarixindən etibarlıdır. Dəyişikliklər sosialyönümlü və güzəştli paketlərə şamil edilmir:

“Fiber optik internetdən yararlanan abunəçilərin internet sürəti 100 Mb/s-ə qədər artırılacaq. Fiziki şəxslər üçün internet paketinin qiyməti 25 AZN, “İnternet + TV” paketinin qiyməti 31 AZN, “İnternet + TV + Telefon” xidmətinin qiyməti isə 33 AZN təşkil edəcək. Hüquqi şəxslər üçün 100 Mb/s internet paketinin qiyməti 30AZN, 150 Mb/s internet paketinin dəyəri 36 AZN, 250 Mb/s internet paketi üçün qiymət 44 AZN olacaq”.

NOCOMMENT.az xəbər verir ki, Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası (AİKTSA) İdarə Heyətinin sədri Elvin Abbasov Referans.az-a açıqlamasında yeni internet qiymətləri haqqında danışıb.

“Ölkədə internet infrastrukturu 4 ildir ki, sürətli templə yenilənir və yenidən quruculuq işləri bu il tamamlanır. Hazırda bütün ölkədə təxminən 92 faiz ev təsərrüfatı və bizneslərin sürətli internetə əlçatanlığı var. Bu o deməkdir ki, ölkədə hazırda internet infrastrukturu, keyfiyyətli internet alınması üçün münbit şərait yaradılıb. Amma xarici internet resursları, sosial şəbəkələr öz keyfiyyətlərini artırıblar. Məsələn, oyunlar, onlayn iş rejimləri, distant dərslər və s. məqamlar var ki, bunların hər biri sürətli internet tələb edir. Bir ailə təsərrüfatı düşünün ki, sadalanan bütün sahələrdən həmin ailədə istifadə olunur və buna görə də internetdən keyfiyyətli istifadə mümük olmur”.

Ekspert bildirib ki, ölkədə böyük əksəriyyət minimum maliyyətli internet paketlərinə üstünlük verir. Lakin bu paketlərin texniki tərəfləri nəzərə alınmır.

“Kiçik internet paketlərinin ləğv olunub yerinə daha yüksək limitli ən kiçik paketlər qoyulması, ümumiyyətlə, dillərə dastan internet problemi söhbətini aradan qaldıracaq. Çünki texniki tərəfdən hesablanmayan tələbatlar vətəndaşların ehtiyaclarını tam ödəyə bilmir. Bunların hər birini nəzərə aldıqda hesab edirəm ki, vətəndaşlar gələn aydan internet imkanlarından daha çox razı qalacaqlar. Qeyd etmək istəyirəm ki, bir neçə il əvvəl mənə demək olar ki, hər gün internetlə bağlı şikayətlər gəlirdi. Lakin indi təxminən ayda bir dəfə belə şikayətlər olur ki, bu da əsasən, fərdi problemlərlə bağlıdır. Buna görə də düşünürəm ki, aşağı limitli paketlərin ləğv olub yuxarı limitli paketlərin təyin olunması istifadəçilər arasında məmnuniyyət yaradacaq. O ki qaldı internetin qiymətinin qalxmasına, internet qiyməti qalxmayacaq, əksinə keyfiyyət və internetin kəmiyyəti artacaq. Məsələn hazırda ən kiçik paket 40 Mbit-dir və bunun üçün 18 manat ödənilir. Bu o deməkdir ki, 1 Mbit üçün 40 qəpik ödəyirik. Avqustun 15-dən sonra isə minimal paketin qiyməti 100 Mbit üçün 25 manat təşkil edəcək. Bu da o deməkdir ki, 1 Mbit-ə 25 qəpik ödəniləcək”.