Kirayənişin deputatlar DANIŞDILAR: Bizim dərdimiz-sərimiz var

Kirayənişin deputatlar DANIŞDILAR: Bizim dərdimiz-sərimiz var

Milli Məclisin ötən gün keçirilən iclasında deputat Razi Nurullayev evsiz deputatların kirayə haqlarının qaldırılması ilə bağlı təklif irəli sürüb. Onun sözlərinə görə, parlamentin tərkibində müxtəlif rayonları təmsil edən 12-yə yaxın deputat Bakıda kirayə mənzillərdə qaldığına görə aylıq 220 manat kirayə pulu alır.

Bu gün ölkə mətbuatı Bakıda kirayədə qalan deputatların siyahısını dərc edib. Adları aşağıda qeyd edilən deputatların paytaxtda kirayədə qaldığı iddia edilib: Cəbi Quliyev, Ülviyyə Həmzəyeva, Müşfiq Cəfərov, Pərvin Kərimzadə, Naqif Həmzəyev, Vüqar İskəndərov, Şahin Seyidzadə, Ramil Həsən, Anar Məmmədov, Emin Hacıyev, Cavid Osmanov.

NOCOMMENT xəbər verir ki, modern.az kirayənişin olduğu iddia edilən 38 saylı Nizami ikinci (Gəncə) seçki dairəsinin deputatı Naqif Həmzəyevlə əlaqə saxlayaraq, barəsində deyilənlərin həqiqət olub-olmadığını dəqiqləşdirməyə çalışıb.

Naqif Həmzəyev bildirib ki, bu barədə bütün detalları Milli Məclisin mətbuat xidmətindən əldə edə bilərik: “Bu barədə danışmaq istəmirəm. Bu saat bizim dərdimiz-sərimiz var. Danışmağa ehtiyac yoxdur. Bu heç gündəm olası məsələ deyil. Yalandan gündəm yaradıblar”.

7 saylı Ordubad-Culfa seçki dairəsinin deputatı Cəbi Quliyev isə xəbəri təsdiqləyərək, Bakıda evinin olmadığını deyib. O bildirib ki, hazırda kirayəpulu alır: “Milli Məclis tərəfindən verilən kirayəpulunu alıram. Bakı və ətraf ərazilərdə heç bir obyektim, maşınım yoxdur. Dəqiqləşdirmək istəyirlərsə, buyursunlar. Amma başqaları ilə bağlı məlumatım yoxdur”.

96 saylı Goranboy-Naftalan seçki dairəsinin deputatı Anar Məmmədovun özü ilə danışa bilməsək də, köməkçisi zəngimizə cavab verdi. Bildirdi ki, deputata Milli Məclis tərəfindən kirayə ilə bağlı heç bir ödəniş ödənilmir. Köməkçisi Anar Məmmədovun özünün hazırda Goranboyda yaşadığını bildirib.

50 saylı Abşeron-Qobustan seçki dairəsinin deputatı Şahin Seyidzadə bildirib ki, nəinki Bakıda, ümumiyyətlə, Azərbaycanda onun adına heç bir mülk yoxdur.

6 saylı Culfa-Babək seçki dairəsinin deputatı Ülviyyə Həmzəyeva: “Mən indi ölkədən kənardayam. Haqqımda nə yazıldığından xəbərsizəm. Milli Məclisin bu yaxınlarda keçirilən ssesiyasında mənim əvəzimə Sahibə xanım sözünü dedi. Bu gün biz nə vəziyyətdəyik? Bu gün bizim qaçqın və köçkünlərimiz var.  Onlara əsas ev, yurd, yuva lazımdır.

Bir vətəndaş, deputat olaraq sessiyalarda iştirak etmək, Bakıya gedib-gəlmək mənim borcumdur. Azərbaycanda evim var, Naxçıvanda yaşayıram. Naxçıvan Azərbaycandan heç də ayrı deyil. Başqa ölkədə yaşamıram ki? Mən Sahibə xanımın fikirləri ilə tam razıyam”.