Maqsud Mahmudovun məhkəməsində zərərçəkənlər dindirildilər

Maqsud Mahmudovun məhkəməsində zərərçəkənlər dindirildilər

Ukraynada tutularaq Azərbaycana gətirilən Maqsud Mahmudovun cinayət işi üzrə məhkəmə iclasında zərərçəkmişlər ifadə veriblər.

NOCOMMENT report-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş qismində dindirilən Mələk Dəmirtaş bildirib ki, 2019-cu ilin aprel ayında lombarda qızıllarını qoyaraq 4 min manat pul götürüb: “Aylıq faiz isə 240 manat təşkil edirdi. Lombardın qarşısına gələndə bağlı olduğunu gördüm. Orada dayanan bir neçə şəxsdən obyektin bağlı olmasının səbəbini soruşdum. Dedilər ki, Maqsud qızılları və pulları götürüb ölkədən qaçıb. Mən də dərhal Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinə müraciət etdim. İndiyə qədər qızıllarımı ala bilməmişəm. Bu gün mən 4 min manatı qaytarmağa hazıram, bəs qızıllarımı kim verəcək?”.

Daha sonra zərərçəkmiş Aysun Səmədova ifadə verib. O da 2018-ci ildə qızıllarını Yasamalda yerləşən lombarda qoyduğunu söyləyib: “Qızıllarımı qoyub 5 min manat pul götürmüşdüm. Həmin pulları da geri ödədim, lakin qızıllarını geri ala bilmədim. Maqsudun qızılları götürüb qaçdığını bildirdilər. Mən də dərhal polisə şikayət etdim və 2020-ci ildə qızıllarımı Mədinədən aldım”.

Zərərçəkmiş qismində dindirilən Mələkxanım Rəhimova bildirib ki, 2019-cu ildə lombarda qoyduğu qızılları yalnız ötən ay ala bilib.

Növbəti proses martın 7-nə təyin olunub.