Masallıda 3 adı olan bu kəndin hansı adı doğrudur?

Masallıda 3 adı olan bu kəndin hansı adı doğrudur?

Xanalion, Xanalyan, yoxsa Xanalıyan?

NOCOMMENT.az -ın Cənub bürosunun verdiyi xəbərə görə, Masallı rayonunda Xanalion, Xanalyan və yenicə verilən Xanalıyan adlı bir kənd var.

Vətəndaşların şəxsiyyət vəsiqələrində, idarə və dövlət qurumları tərəfindən verilən sənədlərdə kəndin adlarından biri və ya ikisi qeyd olunur.

Kəndə verilən sonuncu Xanalıyan adı kənd sakinləri tərəfindən birmənalı qarşılanmayıb. Onlar yeni adı özlərinə həm təhqir kimi başa düşür, həm də kəndin tarixi adının dəyişdirilərək erməni adına uyğunlaşdırılmasından narahatdırlar.

Kənd ağsaqqallarının sözlərinə görə, kəndin əsl tarixi adı Xanalion olub. Sovetlər dövründə rayon pasport qeydiyyat şöbəsində 5-6 il erməni əsilli Azərbaycan vətəndaşı çalışıb. Onun sayəsində rayonun bəzi kəndlərinin adlarının sonluğuna “yan” əlavə edilib. O cümlədən Xanalion adını Xanalyan edib.

Kənd sakini Maqsud Şirəliyev deyir ki, kəndin ətrafında “kanahi”, “küməhi”, “pələhi”, “qərəxanihi” adlı zəmilər və torpaqlar vardır ki, bunlar da xanın zəmiləri idi. Kəndin 4 tərəfində bu gün də o adlar mövcuddur və belə adla adlandırılır. “Kəndin adı əvvəl Xanahion olub, yəni kəndin tarlası yox tarlaları, zəmiləri. İllər ötdükcə bu ad deformasiyaya uğrayıb. Xanahion deyil, Xanalion adını almışdır və 1933-cü ilə qədər bu cür səslənmişdir, eləcə də siyahıya alınmalarda da bu cür qeydə alınmışdır. Amma 1933-cü ildən sonra sovet quruluşunun təsiri altına düşən bəzi məmurlar bu adı saxtalaşdıraraq, təhrif edərək Xanalyan adı ilə əvəz ediblər. 1991-ci ilə qədər bütün sənədlərimizdə, ata-babalarımızın sənədlərində Xanalyan kimi yazılmışdır. 1991-ci ildən sonra dövlət orqanlarından kənd sakinlərinə verilən rəsmi sənədlərdə Xanalion kimi qeydə alınmışdır. Lakin son günlər Kolatan bələdiyyəsi bu adı yenidən hansısa kitabda görübsə, gətirib Xanalion sözünü Xanalıyan sözü ilə təhrif edib və kəndin girişində qoyub”.

Kəndin adını dəyişdirilməsində adı hallanan bələdiyyə sədri Rauf Cəbiyev bildirdi ki, kənd adları dəyişdirilməsi bələdiyyənin səlahiyyətində deyil.

“Kənd bələdiyyə sədri olaraq Dövlət Statistika Komitəsinin Masallı şöbəsinə müraciət etmişik və cavab olaraq Kolatan bələdiyyəsinə aid olan 7 kəndin adı Milli Məclis tərəfindən qəbul olunan qaydada bizə göndərilib. 2004-cü il 16 fevral tarixli 2/2 nömrəli qərarı ilə təsdiq edilmiş inzibati ərazi bölgüsü təsnifatına əsasən Masallı rayonunun Sığdaş kənd inzibati ərazisinə aid olan Xanalion kəndinin adı Xanalıyan kimi də təsdiq olunub. Kolatan bələdiyyəsi olaraq bütün kəndlərdə kəndlərin adını əks etdirən lövhələr quraşdırıb kəndin giriş hissəsinə qoyuruq. O cümlədən Xanalıyan kəndinin adı rəsmi Xanalıyan olduğu üçün Xanalıyan yazılıbdır. Sakinlər kəndin adının hansı adla qalmasını istəyirlərsə, onlar özləri rəsmi yerli icra orqanlarına və daha Milli Məclisə.müraciət etməlidirlər. Bu barədə dəfələrlə onlarla söhbət aparılıb. Son qərarı da Milli Məclis verməlidir”.

Qeyd edək ki, kəndin hazırkı rəsmi adı Xanalıyan olaraq saxlanılıb. Baxmayaraq ki, bu ad bu günə kimi vətəndaşlara verilən rəsmi sənədlərin heç birində yoxdur.