“Dayım adıma 7 şirkət açıb, ayda 700 manat maaş alırdım”.
NOCOMMENT report-a istinadən xəbər verir ki, bunu şahid Anar Rəhimov sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun Bakı Ağır Cinayətlər Məhkəməsinin hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə deyib.
O bildirib ki, rəhbəri olduğu şirkətləri ilə Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə arasında satınalmalar üzrə müxtəlif müqavilələr imzalanıb: “Bunun problem olacağını 2016-cı ildən sonra başa düşdüm. Ona görə adımda olan bütün şirkətləri çıxartdım. Pulları nazirliyin nümayəndəsi olan Dəyanətə verirdim. Əhalinin Sosial Müdafiəsi Nazirliyinin inzibati binasında isə təxminən 10 dəfə olmuşam”.
Digər şahid Səfadar Cavadov deyib ki, 2014-cü ildə Sumqayıt Əlillərin Regional Bərpa Mərkəzinə yumşaq mebellər və həkim geyimləri verib: “Bunun üçün tender elan olundu. 2009-cu ildə yaradılan “Şıxlı” MMC-nin təsisçisi və direktoru idim. Tenderdə iştirak etməyi Arif adlı tanışım məsləhət gördü. Sənədləri hazırlayıb tenderə qatıldıq və qalibi olduq. Ümumilikdə 198 min manatlıq müqavilə bağladıq. Bu vaxta qədər heç bir tenderdə iştirak etməmişəm. 198 min manatdan 42 min manatını nazirliyin nümayəndəsi olan Dəyanət adlı şəxsə vermişəm”.
Şahid Tural Hacıyev söyləyib ki, onun adına 4 şirkət açılıb: “Nazirliyin nümayəndəsi Natiq Əzizov atam Söhbət Hacıyevi 2014-cü ildə yanına dəvət edərək şəhid ailələrinə ev tikməklə bağlı söhbət apardı. Dedi ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə 9 fərdi ev tikəcəksiniz və hər mənzildən 5 min manat mənə verəcəksiniz. Söhbətlər mənim yanımda olub. Oğuz, Xaçmaz və Qusar rayonlarında 9 ev tikdik və buna görə də atam 45 min manatı həmin şəxsə verdi”.
Məhkəmənin növbəti iclası oktyabrın 17-nə təyin edilib.










