Binəqədi qəsəbəsində sudan uçotsuz və sayğacdankənar istifadə halları aşkarlanıb.
NOCOMMENT xəbər verir ki, zəzarət tədbirləri zamanı qəsəbənin Rəsulzadə küçəsində apartmant tipli çoxmənzilli yaşayış binasına qanunsuz su xəttinin çəkildiyi aşkarlanıb. Texniki şərt almadan və “Azərsu” ASC ilə müqavilə bağlamadan yaxınlıqdan keçən magistrala qeyri-qanuni qoşulan obyekt sahibinə xəbərdarlıq edilsə də, o, qanunsuz əməlindən əl çəkmək istəmir.
Xocasən qəsəbəsindəki “Xan” çay evində ilk baxışda hər şeyin qaydasında olduğu görünür. Obyektin sayğacı da var, müqaviləsi də. Amma sayğacdan bir damcı belə su keçmir.
Oxşar vəziyyət Binəqədi rayonu 7-ci mikrorayon ərazisində fəaliyyət göstərən Kratos restoranında da aşkarlanıb. Obyektin sayğacı olsa da, sahibkar tələbatının əsas hissəsini qeyri-qanuni çəkilmiş xətt vasitəsilə ödəyir. Aparılan nəzarət tədbirləri nəticəsində bir sıra fərdi yaşayış evlərinin də sudan qanunsuz istifadə etdiyi aşkarlanıb. Belə ki, Binəqədi qəsəbəsi 1-ci mədən ərazisində yeni tikilmiş fərdi yaşayış evləri yaxınlıqdan keçən 300 mm diametrli magistral paylayıcı su kəmərinə qoşulub.
Aşkarlanmış faktlarla bağlı fərdi yaşayış evlərinin və obyektlərin sahiblərinə su şəbəkəsinə qanuni qoşulma ilə bağlı məlumatlar verilib. Eyni zamanda, bildirilib ki, içməli sudan qeyri-qanuni və israfçılıqla istifadə edilməsi şəbəkələrdə hidravliki rejmlərin pozulmasına, ciddi su itkilərinə, həmin ərazilərdə yaşayan digər sakinlərin su təminatının pisləşməsinə səbəb olur.
Qeyd edək ki, 2022-ci ilin yanvar-sentyabr aylarında içməli sudan qanunsuz istifadə ilə bağlı “Azərsu” ASC üzrə 7216 fakt aşkarlanıb.












