Sumqayıt şəhər Texniki Təbiət Elimləri Liseyin (TTEL) direktoru Rüxsarə Məmmədovanın fəaliyyəti ilə bağlı valideynlər arasında ciddi narazılıq yaranıb.
NOCOMMENT.az admintv-yə istinadən xəbər verir ki, valideynlərin bir qismi iddia edir ki, məktəbdə illərdir müxtəlif adlar altında vəsaitlər toplanır və bu prosesə rəhbərlik şəxsən direktor tərəfindən həyata keçirilir.
İddialara görə, hər tədris ilinin sonunda “fon pulu”, “təmir xərci”, “sinif yerdəyişməsi”, “bayram tədbiri”, “sinifdən sinifə keçid” və digər adlar altında 100 min manatdan artıq vəsait yığılır. Valideynlərin sözlərinə görə, imkanlı ailələrdən alınan pullar əsasən “daxili ehtiyaclar” adı ilə yığılsa da, əslində şəffaf hesabat təqdim edilmir.
Bəzi valideynlər iddia edirlər ki, pul ödəməyən ailələrin övladları təzyiqə məruz qalır, müxtəlif bəhanələrlə dərsdən uzaqlaşdırılır, yaxud sinif yerdəyişməsinə məcbur edilir.
Mənbələrdən əldə edilən məlumata görə, direktorun yaxın qohumu Günay adlı şəxs liseydə işləyir və o, bəzi valideynlərin “qara kassa” adlandırdığı maliyyə toplanmasına nəzarət edir.
Digər iddialarda qeyd olunur ki, direktor Rüxsarə Məmmədova özünü müxtəlif səviyyələrdə sığortalamaq məqsədilə yüksək vəzifəli şəxslərlə yaxın münasibətlər saxlayır.
Bildirilir ki, illər öncə hazırkı Təhsil nazirinin qardaşı bu liseyin məzunu olub və Rüxsarə Məmmədova onun vasitəsilə nazirliklə əlaqə yaradır.
Valideynlərin dediyinə görə, bu əlaqələr səbəbindən məktəb barədə daxil olan şikayətlər nazirlik səviyyəsində araşdırılmadan bağlanır.
İddialar arasında o da qeyd olunur ki, direktor vəzifədə qalmaq üçün fəxri ad və mükafatların alınmasına da vəsait xərcləyib, beləliklə, pensiya yaşını keçməsinə baxmayaraq, hələ də məktəbdə rəhbər vəzifədə fəaliyyət göstərir.
Hazırda valideynlər Təhsil Nazirliyindən və müvafiq qurumlardan bu iddiaların araşdırılmasını, Sumqayıt TTEL-də şəffaflığın təmin olunmasını tələb edirlər.












