ABŞ-nin İranla davam edən hərbi münaqişə fonunda Tehranın tankerlərdə olan neftinin satışına 30 günlük müvəqqəti icazə verməsi qlobal enerji bazarlarında yeni vəziyyət yaradıb. Brent markalı neftin qiymətinin 110 dolları keçməsi və dünya iqtisadiyyatında inflyasiya təzyiqinin artması Tramp administrasiyasını bu pragmatik addımı atmağa vadar edib. 2026-cı ilin mart ayına olan məlumata görə, ABŞ Maliyyə Nazirliyi martın 20-nə qədər gəmilərə yüklənmiş 140 milyon barel İran neftini 19 aprelə qədər sanksiyalardan azad edib. ABŞ-nin maliyyə naziri Skott Bessent bu addımın bazarlardakı çaxnaşmanı yatırmaq və süni qiymət artımının qarşısını almaq məqsədi daşıdığını bildirib.
Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan iqtisadçı ekspert Akif Nəsirli qeyd edib ki, bu qərarın ilk növbədə psixoloji təsir bağışladığını və neft qiymətlərindəki artım tempini dayandıra biləcəyini qeyd edib: “ABŞ-ın bu addımı birbaşa olaraq ‘qiymət yanğını’nı söndürməyə hesablanıb. Bazar artıq 110 dollarlıq qiyməti həzm etməkdə çətinlik çəkirdi. 140 milyon barel neftin bazara daxil olması qısa müddətdə qiymətləri 100 dolların altına sala bilər. Lakin bu, daimi eniş deyil, müvəqqəti sabitləşmədir. Çünki müharibə riski hələ də qalır və İranın ‘tankerlərimiz yoxdur’ deməsi göstərir ki, tərəflər arasında hələ də ciddi qarşıdurma var”.
Azərbaycan üçün gözlənilən nəticələrə toxunan Akif Nəsirli bildirib ki, neftin yüksək qiyməti büdcə gəlirlərinin artması demək olsa da, 110-120 dollar kimi hədlər qlobal iqtisadi böhrana yol açaraq sonda tələbatın azalması ilə nəticələnə bilər:
“Hazırkı müvəqqəti icazə qiymətləri 90-95 dollar dəhlizinə çəksə, bu, Azərbaycan üçün ən optimal variantdır. Həm gəlirlərimiz yüksək qalacaq, həm də dünya iqtisadiyyatı çökməyəcək. Amma nəzərə almaq lazımdır ki, ABŞ bu nefti sərbəst buraxmaqla həm də Avropanın enerji ehtiyacını qarşılamağa çalışır ki, Rusiyadan asılılıq daha da azalsın”.
Ekspert əlavə edib ki, aprelin 19-dan sonra sanksiyaların yenidən sərtləşməsi və ya müharibənin yeni fazası qiymətləri yenidən rekord həddə çatdıra bilər.
Turan
NOCOMMENT.az












