Bakıda yaradılması planlaşdırılan universitetə Türkiyənin ən hörmətli universitetlərindən birinin ekvivalenti veriləcək.
NOCOMMENT.az yerli mediaya istinadla xəbər verir ki, bu barədə Türkiyə Ali Təhsil Şurasının (YÖK) sədri Erol Özvar məlumat verib.
YÖK- dən verilən məlumata görə , Özvar prezident Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfərini müşayiət edib və Azərbaycanda yaradılması planlaşdırılan universitetlə bağlı danışıqlar aparıb. Görüşlər zamanı iki ölkənin akademik və ekspertlərinin universitetin yaradılması ilə bağlı hüquqi və texniki məsələlər üzərində işləmələri razılaşdırılıb.
Özvarın sözlərinə əsasən, universitetin yaradılması barədə hazırlıqlar artıq başlayıb:
“Prezidentimiz cənab Rəcəb Tayyib Ərdoğanın və Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda universitetin yaradılması istiqamətində səylərimizdə mühüm irəliləyişlər əldə etdik. Lazımi hüquqi tənzimləmələr tamamlandıqdan sonra Türkiyənin ən hörmətli universitetləri ilə əlaqə (qardaşlıq) təmin edərək Azərbaycan Türk Universitetini yaradacağıq”, – sədr vurğulayıb.
Xatırladaq ki, Prezident Ərdoğan Bakıya səfəri zamanı Azərbaycan universitetinin yaradılacağı ilə bağlı müjdə verib.
NOCOMMENT.az











