Postpandemiya dövründə bu sahə daha sürətlə inkişaf edəcək 

Postpandemiya dövründə bu sahə daha sürətlə inkişaf edəcək 

Məsafədən təhsil sistemi daha sıx tətbiq ediləcək.

UNESCO-nun açıqlamasına görə hazırda dünyada 1,4 milyarda yaxın tələbə və şagird mövcud vəziyyətlə əlaqədar olaraq təhsil müəssisələrinin bağlandığı üçün evlərində qalaraq onlayn dərs keçirlər.

NOCOMMENT.az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir ki, bu müddət ərzində məsafədən təhsil inkişaf edərək postpandemiya dövründə də tətbiq oluna bilər. Daha sonra həmin məzunların artıq iş dünyasındakı rəqəmsal yeniliklərlə əvvəlcədən yaxından tanış olması işlərini asanlaşdıracaqdır.

Eyni zamanda, ölkəmizin orta və ali təhsil müəssisələrinə dünyanın qabaqcıl universitetlərinin professor və müəllimlərinin iştirakı ilə onlayn dərslər təşkil edilməsi də mümkün olacaq. Bu da təhsil sistemimizin inkişafında mühüm rol oynaya bilər.

COVID-19 pandemiyasının məşğulluğa vurduğu böyük zərər əlbəttə ki, iqtisadiyyatın bərpa olunması ilə birlikdə paralel şəkildə aradan qaldırılacaq. Lakin pandemiyanın məşğulluğun bəzi sahələrində yaratdığı müsbət irəliləyişləri də xüsusi qeyd etmək lazımdır. Bu irəliləyişlərin postpandemiya dövründə də davam edəcəyi gözlənilir.

COVID-19 məşğulluğun bir çox sahələrində rəqəmsallaşmanı zəruri edəcək. Xüsusən İT sektorunda yeni ixtisasların yaranacağı, bundan başqa, insanların uzaqdan onlayn işləmə tendensiyasının postpandemiya dövründə də davam edəcəyi gözlənilir.

Baş verənlərə daha pozitiv bucaq altında baxdıqda isə onu qeyd etmək olar ki, adətən koronavirus pandemiyası kimi qəfil hadisələrin yaratdığı kəskin tənəzzüllər daha sonra sürətli bərpalar və yüksəlmələrlə əvəzlənir.