Təhsil Nazirliyinin “Virtual məktəb” virtual.edu.az portalına hazırda giriş dayandırılıb.
NOCOMMENT.az xəbər verir ki, aprelin 2-də Təhsil Nazirliyi tərəfindən istifadəyə verilən sözügedən lyihənin məqsədi Təhsil Nazirliyi tərəfindən yayımlanan teledərslərin interaktivliyini təmin etmək və ümumilikdə məsafədən tədris imkanlarını genişləndirməkdir.
Lakin, hazırda portala giriş serverdə yaranan texniki səbəblərdən (ERROR 522) qeyri-mümkündür. Nazirlikdən bildirilən məlumata görə, yaranmış texniki nasazlıq ən-qısa zamanda aradan qaldırılacaq.
Qeyd edək ki, Error 522 göstəricisi eyni zamanda, vahid zaman anında təqdim olunan portala, serverə trafikdən, normadan artıq çoxsaylı girişin olmasıdır
“Virtual məktəb” layihəsi Təhsil Nazirliyi və “Microsoft” korporasiyası arasında əməkdaşlıq çərçivəsində həyata keçirilir. Hər bir şagird “Virtual məktəb” portalında qeydiyyatdan keçərək öz yaşına əsasən sinfə təyin olunacaq və müəllimlər tərəfindən həftəiçi teledərslərdə tədris olunmuş mövzulara uyğun hazırlanmış ev tapşırıqlarını yerinə yetirəcək. Portala hər həftə müxtəlif mövzu və fənlərə uyğun olaraq yeni tapşırıqlar əlavə olunacaq.
“Virtual məktəb” portalında müəllimlər tərəfindən onlayn dərslərin keçirilməsi üçün də imkan yaradılacaq. Eyni zamanda şagirdlər yoldaşları ilə görüntülü və səsli əlaqə yaratmaq üçün “Chat” funksiyasından istifadə edə biləcəklər.
Xatırladaq ki, “Virtual məktəb” portalının mobil tətbiqi də mövcuddur. Bunun üçün şagirdlər “AppStore” və “Google Play” marketlərindən “Microsoft Teams” adlı tətbiqi yükləyib istifadəçi adı və fərdi şifrələri ilə portalda qeydiyyatdan keçə biləcəklər.













