Universitetin mühafizə xərcləri 19 qəpik artırıldı

Universitetin mühafizə xərcləri 19 qəpik artırıldı

“Bakı Mühəndislik Universiteti” Publik Hüquqi Şəxsi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.

NOCOMMENT.az xəbər verir ki, tender müsabiqəsinin qalibi “Gesco” ASC olub.

Müsabiqənin şərtinə görə bu şirkət 2024-cü ildə “Bakı Mühəndislik Universiteti”nə 29 nəfərlə mühafizə xidməti göstərəcək. Onlardan 1-i xidmət rəisi, 3-ü növbə rəisi, 1-i qadın olmaqla 25-i isə mühafizəçi olacaq. Göstərilən xidmətin qarşılığında “Gesco” ASC Bakı Mühəndislik Universitetindən 312 min 511 manat 20 qəpik alacaq.

Qeyd edək ki, son 4 ildir Bakı Mühəndislik Universitetinin mühafizəsi “Gesco” ASC-yə həvalə olunur.

Onu da bildirək ki, Bakı Mühəndislik Universiteti 2024-cü ildə “Gesco” ASC-yə mühafizə xidmətinə görə builkindən 19 qəpik artıq vəsait ödəyəcək. Belə ki, 2023-cü ildə eyni sayda (29 nəfər) mühafizəçi üçün Bakı Mühəndislik “Gesco” ASC-yə 312 min 511 manat 1 qəpik ödəyib.

Məlumat üçün bildirək ki, “Gesco” ASC 26 may 2005-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 4 min manat olan ASC-nin qanuni təmsilçisi Camalzadə Murad Fərrux oğludur./Yeniavaz.com