Zelenski Ermənistana gedir – Bakıdan sonra, BUNA görə…backend

Zelenski Ermənistana gedir – Bakıdan sonra, BUNA görə…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Prezidenti Vladimir Zelenski Avropa Siyasi Birliyinin Zirvə Görüşünə qatılmaq üçün Ermənistana gedəcək. Lakin “168.am”ın məlumatına görə, Ermənistan Xarici İşlər Nazirliyi hazırda onun səfəri ilə bağlı məlumatları gizli saxlamağa çalışır.

Qeyd edək ki, günlər öncə Zelenski Azərbaycana səfər etmişdi.

Məlumat üçün bildirək ki, Avropa Siyasi Birliyinin sammiti mayın 4-də baş tutacaq. Tədbirdə dövlət və hökumət başçıları və ya qurum rəhbərləri səviyyəsində təxminən 50 yüksək səviyyəli nümayəndə heyətinin iştirakı gözlənilir.

Zelenskinin İrəvan səfəri niyə gizlədilir? Səfər İrəvan və Moskva arasında gərginlik yarada bilərmi?

NOCOMMENT.az xəbər verir ki, Milli Məclisin üzvü Azər Badamov səfəri bu kontekstdə dəyərləndirdi: “Ukrayna Prezideni Volodimir Zelenskinin Ermənistana səfəri müxtəlif platformalarda fərqli şəkildə şərh olunsa da, ilk növbədə qeyd edilməlidir ki, bu, birbaşa İrəvana reallaşdırılan səfər deyil. Səfər Avropa İttifaqının Ermənistanda keçiriləcək Zirvə görüşü çərçivəsində baş tutacaq. Səfər də bu tədbir çərçivəsində dəyərləndirilməlidir. Habelə, Zelenski beynəlxalq dəstəyə olan ehtiyacını ön plana çıxarmağa və Ukraynaya dəstək verən aktorların sayını artırmağa çalışır”.

Deputat bu səfərin Azərbaycana edilən ziyarətlə müqayisəsini doğru saymır: “Azərbaycana səfər əsasən ikitərəfli münasibətlərin inkişaf etdirilməsi, əlaqələrin genişləndirilməsi və göstərilən humanitar dəstəyə görə təşəkkür məqsədi daşıyırdı. Qeyd etmək lazımdır ki, səfər barədə məlumat artıq mətbuatda yer alıbsa, burada hər hansısa gizlilikdən söhbət gedə bilməz. Zelenski demək olar ki, Avropa Birliyinin bütün platformalarında iştirak edir. Çünki Ukraynanın əsas tərəfdaşı məhz Avropa Birliyidir.

Səfər müxtəlif dairələrdə fərqli reaksiyalar doğurur. Məsələn, Ermənistanda müxalif qüvvələr hesab edir ki, Zelenskinin gəlişi ölkəni Rusiya-Ukrayna qarşıdurmasının bir hissəsinə çevirə bilər. Lakin mövcud hakimiyyətin bu yanaşmanı açıq şəkildə dəstəklədiyini demək çətindir. Bunun əsas səbəblərindən biri Ermənistanda yaxın vaxtlarda keçirilməsi planlaşdırılan seçkilərlə bağlıdır.

Bu ərəfədə Baş nazir Nikol Paşinyanın öz əleyhinə olan qüvvələri daha da aktivləşdirmək istəməsi ehtimalı azdır. Bu baxımdan Paşinyan həm Avropa Birliyinin dəstəyini qorumağa, həm də Ukrayna ilə münasibətləri balanslı şəkildə davam etdirməyə çalışır. Bununla da o, öz mövqeyinin Avropa Birliyinin siyasi xətti ilə üst-üstə düşdüyünü göstərmək niyyətindədir.

Müxalifətin iddialarına görə, Paşinyanın xarici siyasəti Rusiya və Qərbi Ermənistana cəlb etməklə onların burada qarşıdurmasına zəmin yaradır. Lakin bu yanaşma ilə tam razılaşmaq çətindir. Müasir beynəlxalq münasibətlər sistemində dövlətlər müxtəlif istiqamətlərdə əməkdaşlıq qurmağa çalışır və çoxvektorlu siyasət yürüdürlər. Eyni zamanda, Ermənistan bu kəskin geosiyasi rəqabətin mərkəzinə çevrilməkdən yayınmağa çalışır. Çünki belə bir vəziyyət seçkinin gedişatına, habelə ölkənin suverenliyinə risk yarada bilər. Mövcud şəraitdə Ermənistan bu riski gözə almaz. Bundan əlavə, yüksək səviyyəli səfərlər adətən qısa müddət qalmış ictimaiyyətə açıqlanır. Bu baxımdan Zelenskinin Ermənistana səfərinin İrəvan-Moskva münasibətlərində ciddi dönüş nöqtəsi yaradacağı gözlənilmir. Xüsusilə seçkiqabağı dövrdə tərəflər arasında gərginliyin artırılmamasına üstünlük veriləcəyi ehtimal olunur”.\\musavat.com