“Aprel ayının nəticələrinə görə Ukraynanın həyata keçirdiyi əməliyyatlar yeni mərhələyə keçib və bu zərbələr Rusiya iqtisadiyyatına ciddi təsir göstərib”.
NOCOMMENT.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.
O, sosial şəbəkə hesabında Ukrayna ordusu tərəfindən Rusiyanın neft infrastrukturuna endirilən zərbələrin və bundan sonra başlayan yanğınların videosunu paylaşıb.
V.Zelenski yazıb ki, Rusiya ciddi itkilər verir.
“Ən ehtiyatlı hesablamalara görə, ilin əvvəlindən bəri təcavüzkar dövlət ən azı 7 milyard dollar itirib. Bu itkilər Rusiyanın neft və emal sektoruna qarşı həyata keçirdiyimiz dəqiq zərbələr, fasilələr və tədarük gecikmələri nəticəsində baş verib.
Ukrayna kəşfiyyatı və Silahlı Qüvvələrinin bütün hərbçilərinə minnətdarıq. Uzaqmənzilli sistemlərimizin imkanlarını daha da genişləndirəcəyik. Müvafiq qərarlar hazırlanır”, – V.Zelenski paylaşımında bildirib.
Xatırladaq ki, aprelin 30-da Ukrayna pilotsuz uçuş aparatları ilə Rusiyanın Yaroslavl şəhərində yerləşən “Slavneft-YANOS” neft emalı zavoduna zərbə endirib. Məlumata görə, ən azı 15 partlayış qeydə alınıb və nəticədə müəssisə ərazisində yanğın baş verib.
İllik emal gücü təxminən 15 milyon ton olan bu zavod Rusiyanın ən iri neft emalı müəssisələrindən biridir./yenisabah/










