34 il öncə noyabrın 20-də Xocavənd rayonunun Qarakənd kəndinin yaxınlığında Azərbaycana qarşı törədilmiş terror aktı Kremlin öz müstəqilliyini bir ay öncə elan etmiş ölkəmizi cəzalandırmaq istəyindən doğmuşdu.
SSRİ-nin dağıldığı ərəfədə erməni silahlı dəstələrinin əli ilə həyata keçirilmiş bu dəhşətli cinayət zamanı Kreml hətta Dağlıq Qarabağ Muxtar Vilayətinin güc strukturlarında yerləşdirdiyi vəzifəli hərbçilərini də qurban verməyə razı olmuşdu.
Kremlin hər əmrinə “ləbbeyk” deyən Ayaz Mütəllibov kimi iradəsiz, zəif rəhbərin Azərbaycana başçılıq etməsi amili belə Moskvanı öz cinayətkar xislətindən vaz keçirə bilməmişdi. Kreml əslində Mütəllibovun komandasına daxil olan əsas vəzifə sahiblərinin faciəli şəkildə həlak olması ilə nəticələnmiş bu terror aktı ilə vassalının əl-ayağını baltalamışdı.
Odur ki, Qarakənd faciəsi və ondan 3 ay sonra Yeltsin Rusiyasının törətdiyi Xocalı soyqırımı bir daha sübut etdi ki, 20 Yanvar qırğınını tərədənlərin süngüsü üzərində hakimiyyətə gətirildiyi üçün xalqın qəbul etmədiyi Ayaz Mütəllibov kimi prezidentlər Rusiya kimi təcavüzkar dövlətin hərbi cinayətlərindən nə öz komandasını, nə də xalqı qorumağa qadir deyillər.
Rusiyanın köməyi ilə məruz qaldığımız erməni işğalı da göstərdi ki, Azərbaycan kimi ölkələrə Heydər Əliyev və onun davamçısı İlham Əliyev kimi güclü siyasi iradə və cəsarətə malik qüdrətli siyasətçilər rəhbərlik etməlidirlər.
Məhz İlham Əliyev qətiyyəti sayəsində bütün hərbi cinayətlərə, o cümlədən 20 Noyabr terror aktına Qarabağın i.ğaldan azad olunması ilə cavab verildi. 5 il öncə isə məhz 20 Noyabr tarixində Ağdam öz azadlığına qovuşdu. Sonra Xocavənd də, onun Qarakəndi də erməni faşistlərindən tamamilə qurtuldu. İndi 20 Noyabr həm də Ağdamın işğaldan qurtulduğu gün kimi müstəqillik tariximizə yazılıb.
Bir sözlə, müstəqil Azərbaycan dövləti erməni faşizmini beşiyində boğmaqla həm bəşəriyyətin sülh siyasətinə, həm də beynəlxalq hüquqa misilsiz töhfələr bəxş etdi.
Çox təəssüf ki, bunu doğma atasını 20 Noyabr faciəsində itirmiş, hazırda ABŞ-də məskunlaşmış Sevinc Osmanqızı kimi jurnalistlər anlamır. Əks halda, bütün həyatı boyu rusların nökəri olmuş, onun atasını da qoruya bilməmiş Ayaz Mütəllibovun 1991-ci ilin avqustunda “QKÇP” qiyamını müdafiə etdiyi faktını “Qorbaçovdan intiqam almaq” kimi cəfəng iddia ilə müdafiə etməzdi. “2025-ci ildə Əliyev rus işğalçısını (Qarabağdakı sülhməramlılar – red.) bizim ölkəmizdən çıxara bilsə, yola sala bilsə, mən ona bravo deyəcəm, birinci deyəcəm, müzəffər deyəcəm” vədini verən və sonra bu sözündən qaçan Sevinc Osmanqızıdan başqa nə gözləntimiz ola bilər ki!
İndi isə Rusiya vaxtilə Azərbaycana “qazdığı quyuya” özü düşüb. Qonşuluğunda Ukrayna kimi müstəqil dövlətin inkişafına dözə bilməyən qaniçən Kreml bu sülhsevər xalqı tamamilə özünə ram etmək üçün bütün dünyanın gözü qarşısında misli görünməmiş hərbi cinayətlər törədir. Amma Ukrayna dövlətini işğal etməyə çalışması ona baha başa gəlməkdədir. Çünki bu dövlətin başında güclü siyasi iradəyə malik Zelenski dayanır. Artıq Rusiyanın öz hərbi helikopterləri, təyyarələri, gəmiləri partladılır, vəzifəli generalları, siyasətçiləri Moskvada, Sankt-Peterburqda, Kurskda və daha neçə şəhərdə məhv edilir.
Ən önəmlisi isə odur ki, II Dünya müharibəsi zamanı sovetlərin tərəfində vuruşan xalqların heç biri bu gün kütləvi şəkildə Rusiya tərəfində döyüşmür. Ona görə də Rusiya rəhbərliyi Kursk vilayətinin Ukrayna ordusundan azad edilməsi üçün Şimali Koreyadan hərbçiləri müharibəyə cəlb etməyə məcbur olur, Çin, Keniya kimi ölkələrdən gəncləri “iş”, “təhsil” və “Rusiya vətəndaşlığı” kimi yalançı vədlərlə Rusiyaya gətizdirib, onları zorla Ukrayna müharibəsinə yollayır.
Bu günlərdə isə məlum olub ki, Cənubi Afrika Respublikasının (CAR) keçmiş prezidenti Ceykob Zumanın qızı Duduzile Zuma mühafizəçilərin hazırlanması bəhanəsi altında Cənubi Afrika və Botsvanadan kişiləri Rusiya tərəfində Ukraynaya qarşı döyüşməyə cəlb edib.
“Bloomberg” agentliyinin xəbərinə görə, təqribən 20 gəncdən ibarət qrup iyul ayında Rusiyaya yollanıb. Onlara keçmiş prezident Zumanın partiyasının cangüdəni kimi təlim keçəcəklərini vəd edilib. Bu adamların qohumları sonradan bildiriblər ki, Rusiyaya göndərilənlər Rusiya ordusunda xidmət üçün tamamilə rus dilində yazılmış müqavilələr imzalayıblar. Rusların Ukraynaya qarşı döyüşmək üçün göndərdiyi bəzi afrikalılarla artıq əlaqə kəsilib.
“WhatsApp” yazışmalarına istinadən “Bloomberg” yazır ki, Duduzile Zuma gənclərin valideynlərini övladlarının cəbhəyə göndərilməyəcəyinə inandırıb, amma müharibəyə cəlb edilənlərin özlərinə “bu ön cəbhə deyil” yazıb. O, iddia edib ki, ruslar guya “sadəcə onları qorxudur” və söz verib ki, əgər ön cəbhəyə göndərilsələr, “şəxsən” özü gəlib onları götürəcək.
Agentlik xatırladıb ki, noyabrın əvvəlində CAR prezidenti Siril Ramafosa öz vətəndaşlarının Rusiya tərəfində müharibəyə cəlb edilməsi ilə bağlı araşdırma aparılmasına göstəriş verib.
“Bloomberg” xəbər verir ki, Duduzile Zuma əvvəllər Rusiya kampaniyaları ilə bağlı olub, sosial şəbəkələrdə Rusiya prezidenti Vladimir Putini dəstəkləyib, atasının Putinlə birlikdə fotolarını nümayiş etdirib və indiki prezident Ramafosu “qaralamağa” çalışıb.
Agentlik diqqətə çatdırıb ki, sabiq prezidentin qızı hazırda 2021-ci ildə zorakılığın qızışdırılması və təxminən 350 nəfərin ölümü ilə nəticələnən iğtişaşlar işi üzrə vətənə xəyanətdə ittiham olunur. Keçmiş prezident Ceykob Zuma həmin hadisələr zamanı həbs olunub.
Nə gündəsən, Rusiya! Necə deyərlər, “nə tökərsən aşına, o da çıxar qaşığına”.
Xatirə SADİQ












