Azərbaycanın aqrar sektoru bu gün bəlkə də tarixin ən ağır sınaqlarından keçir, lakin bu sınağı yaradan təbiət hadisələri və ya qlobal böhranlar deyil, birbaşa Kənd Təsərrüfatı Nazirliyinin (KTN) yarıtmaz idarəçiliyi və Məcnun Məmmədovun rəhbərliyi altındakı qurumların fermerin boğazına kəndir salan fəaliyyətsizliyidir.
Ölkə ərazisinin 50-60 faizindən çoxunun kənd təsərrüfatına yararlı olduğunu, dövlətin bu sahəni strateji prioritet elan etdiyini hər fürsətdə fəxrlə bəyan edənlər, bu gün faktiki olaraq kəndi və kəndlini "gübrə mafiyasının" ümidinə buraxıblar. Yazlıq əkinin tüğyan etdiyi, meyvə-tərəvəzin torpağa tapşırıldığı və taxıl zəmilərinin qidalanmaya ən çox ehtiyac duyduğu bir kritik mərhələdə bazarda baş verənlər sadəcə iqtisadi anomaliya deyil, açıq-aşkar bir sabotajdır. Bir ay əvvəl 28-29 manata satılan gübrənin bu gün subsidiya kartları ilə fermerə 49-50 manata sırınması hansı məntiqlə izah oluna bilər?
Bu kəskin artımın səbəblərini axtaranda qarşımıza çıxan mənzərə Məcnun Məmmədovun rəhbərlik etdiyi sistemin nə dərəcədə çürük olduğunu çılpaqlığı ilə göstərir. Dövlət Gömrük Komitəsinin rəsmi statistikası idxal qiymətlərində cəmi 1.2 - 1.5 faizlik cüzi bir artım olduğunu təsdiqləyirsə, deməli, dünya bazarındakı qiymət artımı bəhanəsi tamamilə iflasa uğrayır. Gömrükdəki artım qiymətin bir faizini belə təşkil etmədiyi halda, daxili bazarda qiymətin ikiqat artması kəndlinin cibinə girilməsi, dövlətin ayırdığı subsidiyanın isə bir qrup işbazın və məmurun ortaq kassasına axıdılması deməkdir. Burada söhbət artıq adi möhtəkirlikdən və ya bayram günlərinin gətirdiyi süni qıtlıqdan getmir; burada söhbət birbaşa Kənd Təsərrüfatı Nazirliyinin və onun tabeliyindəki "Aqroservis" (keçmiş "Aqrolizinq") ASC-nin yaratdığı süni inhisarçılıqdan və nəzarətsizlikdən gedir.
Üstəlik, bu özbaşınalıqlar artıq rəsmi hesabatlarda da öz əksini tapmaqdadır. Hesablama Palatasının son hesabatında kənd təsərrüfatı subsidiyalarının ayrılması və istifadəsində aşkar edilən çoxsaylı mənimsəmə faktları mənzərənin nə dərəcədə acınacaqlı olduğunu təsdiqləyir. Palatanın qeydləri göstərir ki, dövlətin birbaşa fermerə yönəltdiyi vəsaitlər ünvanına çatmır, müxtəlif korrupsioner sxemlərlə "əridilir". Belə bir rəsmi sənəd ortada ikən nazirliyin hələ də islahatdan dəm vurması sadəcə riyakarlıqdır.
"Aqrolizinq"in anbarları ağzına qədər dolu olduğu halda, rəsmi dilerlər fermerə dövlətin verdiyi kartla gübrəni fantastik qiymətə satırsa, Məcnun Məmmədov hansı islahatlardan danışır? Nazir postunda əyləşən şəxs hara baxır? Media aylardır bu rüsvayçılıqdan yazır, fermerlərin fəryadı göyə bülənd olur, lakin nazirlik sanki başqa bir ölkədə fəaliyyət göstərirmiş kimi sükut nümayiş etdirir. Bu sükutun arxasında nə dayanır? Bacarıqsızlıq, yoxsa bu "gübrə talanında" pay sahibi olmaq? Kənd Təsərrüfatı Nazirliyi bu istiqamətdə hansı yoxlamaları aparıb, hansı inhisarçını cəzalandırıb? Cavab birdir: Heç birini. Çünki problemin kökü elə nazirliyin öz dəhlizlərindən başlayır. Fermerin subsidiya kartını "ölü kağıza" çevirən bu sistem, əslində dövlətin aqrar siyasətinə qarşı törədilmiş bir cinayətdir.
Məcnun Məmmədov nazir təyin olunduğu gündən bəri sahədəki problemlərin həlli deyil, onların daha da mürəkkəbləşməsi müşahidə olunur. Ölkənin kənd təsərrüfatı potensialı bu qədər böyük olduğu halda, fermerin ən elementar ehtiyacı olan gübrənin qiymətini tənzimləyə bilməyən bir qurum niyə mövcuddur? Dövlət büdcəsindən milyonlarla vəsait ayrılır ki, kəndli ucuz gübrə alsın, məhsuldarlıq artsın və nəticədə ərzaq təhlükəsizliyi təmin olunsun. Lakin reallıqda bu vəsaitlər nazirliyin yaratdığı qaranlıq sxemlərin qurbanına çevrilir. Əgər idxal dəyəri cəmi 1.5 faiz artıbsa, bazardakı bu 100 faizlik artım "işbazlıq" çərçivəsini çoxdan aşıb, institusional soyğunçuluq səviyyəsinə çatıb. "Aqrolizinq"in rəsmi dilerləri nazirliyin birbaşa nəzarətində olduğu halda, onların bu özbaşınalığı nazirin razılığı və ya ən azından göz yumması olmadan mümkün deyil.
Bu gün Azərbaycan fermeri tarlasına gübrə deyil, nazirliyin səriştəsizliyinin acı meyvələrini əkir. Məcnun Məmmədovun idarə etdiyi nazirlik mediadakı tənqidlərə, real rəqəmlərə və kəndlinin çörək davasına qarşı kar və kordur. Belə bir şəraitdə hansı inkişafdan, hansı ixrac potensialından söhbət gedə bilər? Kənd təsərrüfatını kağız üzərindəki rəqəmlərlə deyil, torpağın içindəki problemlərlə idarə etmək lazımdır. Lakin görünən odur ki, nazirlik üçün fermer yalnız statistika obyekti, subsidiya kartları isə mənimsəmə alətidir. Bu rüsvayçı qiymət artımına cavab verməli olanlar hələ də susursa, deməli, bu soyğunçuluq planlı şəkildə həyata keçirilir. Azərbaycan kəndlisi bu zülmə və bu talana layiq deyil. Əgər nazirlik və "Aqrolizinq" rəhbərliyi öz vəzifə borclarını yerinə yetirə bilmirsə, o zaman o kresloları zəbt etməyin heç bir mənası yoxdur. Bu xalqa, bu torpağa və bu dövlətə xidmət etmək əvəzinə, inhisarçıların maraqlarını qoruyan bir sistem gec-tez iflasa məhkumdur. Amma bu iflasın bədəlini fermer deyil, bu vəziyyəti yaradanlar ödəməlidir.
Əli Səfərli,











