Cənubi Qafqazın siyasi mənzərəsində inqilabi dəyişiklik kimi qiymətləndirilən tarixi addım atılıb. Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Avropa Siyasi Birliyinin (ASB) 8-ci Zirvə toplantısında iştirak etmək məqsədilə Ermənistanın paytaxtı İrəvana gedib. Bu, Türkiyə Respublikası tarixində Ermənistana bu səviyyədə reallaşan ilk rəsmi səfərdir. Karen Dəmirçyan adına kompleksdə "Gələcəyin qurulması: Avropada birlik və sabitlik" mövzusunda keçirilən sammit 48 dövlət və hökumət başçısını, o cümədən Kanada liderini bir araya gətirərək qitənin gələcəyini müzakirə edir. Lakin sammitin ən çox diqqət çəkən məqamı məhz Ankara və İrəvan arasındakı birbaşa təmasın yüksək rütbəli rəsmi şəxs səviyyəsinə qalxmasıdır.
Cevdet Yılmazın bu səfəri Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşması prosesinin fonunda xüsusi çəkiyə malikdir. Xüsusilə bir neçə gün öncə Qarsda Qars-Gümrü dəmir yolu xəttinin bərpası üzrə işçi qrupunun görüşü fonunda bu səfər artıq sadəcə niyyət deyil, konkret addımların atıldığını göstərir. Sammit çərçivəsində Yılmazın Ermənistanın Baş naziri Nikol Paşinyan və digər Avropa liderləri ilə keçirəcəyi ikitərəfli görüşlərdə regional təhlükəsizlik, enerji marşrutları və iqtisadi əməkdaşlıq məsələlərinin masada olacağı gözlənilir. Beynəlxalq ekspertlər bu addımı Cənubi Qafqazda daimi sülh və sabitlik üçün ən mühüm siqnallardan biri kimi qiymətləndirirlər.

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan professor, politoloq Qabil Hüseynli bildirib ki, Cevdet Yılmazın İrəvana səfəri regionda yeni geosiyasi reallığın formalaşdığını sübut edir: "Türkiyə vitse-prezidentinin Ermənistan paytaxtına getməsi sıradan bir beynəlxalq tədbirdə iştirak deyil, onilliklərdir davam edən soyuqluğun rəsmən aradan qaldırılması cəhdidir. Bu, Türkiyənin Cənubi Qafqazda sülhün əsas qarantlarından biri olduğunu bir daha nümayiş etdirir. Qars-Gümrü dəmir yolunun bərpası ilə bağlı müzakirələr və bu səviyyədə səfər göstərir ki, tərəflər artıq iqtisadi pragmatizmə üstünlük verirlər. Ermənistan başa düşür ki, Türkiyə və Azərbaycan ilə münasibətləri normallaşdırmadan regional təcridolunmadan xilas ola bilməyəcək".

Onun sözlərinə görə, bu səfər həm də Azərbaycanla Ermənistan arasında davam edən sülh prosesinə müsbət katalizator təsiri göstərəcək: "Türkiyənin bu addımı Bakının sülh gündəmi ilə tam uzlaşır. Çünki Ankara hər zaman bəyan edib ki, Ermənistanla münasibətlərin tam normallaşması Azərbaycanla sülh müqaviləsinin imzalanmasından keçir. Cevdet Yılmazın İrəvanda olması o deməkdir ki, Ermənistan tərəfi müəyyən konstruktiv vədlər verib və ya Ankara bu prosesdə həlledici irəliləyiş görür. İrəvan küçələrindəki geniş təhlükəsizlik tədbirləri və sammitin mövzusu göstərir ki, Ermənistan özünü Avropa ailəsinin bir hissəsi kimi təqdim etməyə çalışır, Türkiyə isə bu prosesdə 'kilid dövlət' rolunu oynayır. Bu səfər faktiki olaraq iki qonşu ölkə arasındakı buzların əriməsi istiqamətində növbəti böyük və tarixi addımdır".












